Qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət baxımından strateji əhəmiyyət daşıyan əsas nöqtələrdən biri də Hörmüz boğazı hesab olunur. Dünyada daşınan neftin önəmli hissəsi məhz bu dar su yolundan keçdiyi üçün burada baş verən istənilən siyasi və ya hərbi dəyişiklik qlobal bazarlara birbaşa təsir göstərir. Son zamanlarda ABŞ ilə İran arasında artan gərginlik fonunda bu boğazın təhlükəsizliyi və nəzarəti məsələsi daha da aktuallaşıb və beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib.
Məhz belə bir həssas məqamda ABŞ Prezidenti Donald Trump Vaşinqtonun Hörmüz boğazına nəzarəti ələ keçirə və oradan keçən gəmiçilik üçün rüsum tətbiq edə biləcəyini bildirib. Bu təklif həm hüquqi, həm də geosiyasi baxımdan ciddi suallar doğurur və mümkün nəticələri ilə bağlı müxtəlif ssenarilərin müzakirəsinə səbəb olur.
Bəs görəsən, belə bir addım reallaşarsa, şərtlər necə müəyyən edilə bilər? Əsas şərtlərdən biri kimi Hörmüz boğazından neftin sərbəst və təhlükəsiz daşınmasının təmin olunması gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, indiki məqamda qlobal güclər üçün ən önəmli hədəflərdən biri Hörmüz boğazına nəzarətin kim tərəfindən təmin olunacağı məsələsidir:
“ABŞ Prezidenti Donald Trampın da ilk gündən müharibəyə başlamaq planları arasında Hörmüz boğazına nəzarət mövzusu açıq şəkildə səsləndirilməsə də, bu istiqamət əsas prioritetlərdən biri kimi qiymətləndirilə bilər. Hazırda həm ABŞ, həm də İran üçün bu strateji hədəf xüsusi əhəmiyyət daşıyır. İran hər hansı formada Hörmüz boğazına nəzarətin itirilməsinə səbəb olacaq hadisələrin iştirakçısına çevrilmək istəmir. Buna görə də Tehran son ana qədər boğazın ətrafında mübarizəni davam etdirəcəyini və ABŞ-nin bu istiqamətdə asanlıqla real nəticə əldə edə bilməyəcəyini açıq şəkildə nümayiş etdirir. Lakin heç bir nəticə və hadisə istisna edilmir”.
Politoloq vurğulayıb ki, ABŞ Hörmüz boğazı məsələsində təkbaşına mübarizə aparmır:
“Hadisələrin inkişaf xronikasına nəzər saldıqda görünür ki, həm Avropa dövlətlərinin təsir və təzyiq mexanizmlərindən istifadə etməməsi, həm də ABŞ prezidentinin çağırışlarına qoşulmaması, eləcə də digər qlobal aktorların maraqlarının nəzərə alınması ABŞ-nin Hörmüz boğazı məsələsində təkbaşına mübarizə apardığını göstərir. ABŞ bu istiqamətdə mümkün imkanlarını səfərbər edərək məqsədinə nail olmağa çalışır. Düşünürəm ki, Hörmüz boğazı ətrafında aparılan mübarizə sadəcə ABŞ-İran kontekstində deyil, daha geniş qlobal mənzərədə gedən bir mübarizəyə çevrilə bilər. Bu da ABŞ üçün planlaşdırdığı qədər asan bir qalibiyyətlə nəticələnməyə bilər”.
Niyaz Hacıyev
Sfera.az