İran Hörmüz boğazından keçidi bütün ölkələr üçün pullu edib. Bu dar və strateji əhəmiyyətli su yolu dünya enerji ticarətində həlledici rol oynayır və İranın bu qərarı beynəlxalq aləmdə böyük maraq və narahatlıq yaradıb.




Qeyd edək ki, Hörmüz boğazı vasitəsilə dünya neft tədarükünün təxminən 20%-i həyata keçirilir və hər hansı dəyişiklik qlobal enerji bazarına birbaşa təsir edə bilər.


 


Bu baxımdan bir sıra suallar meydana çıxıb: Dünya neft nəqlinin təxminən 20%-nin keçdiyi bu boğazdan tranzit haqlarının tətbiqi qlobal inflyasiyaya və yanacaq qiymətlərinə necə təsir göstərəcək? Logistika şirkətlərinin bu xərclərdən qaçmaq üçün alternativ marşrutlara yönəlməsi ehtimalı nə dərəcədə realdır?




Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimovun sözlərinə əsasən, bu proses qlobal bazarda çox ciddi problemlərə yol açacaq:




“Yaxın Şərqdə baş verənlərin yanacaq qiymətlərinə təsiri tranzit haqları və əlavə sığorta xərcləri üzrə tanker başına 1,5-2 milyon ABŞ dolları səviyyəsindədir. Bu xərclər 2026-cı ilin mart ayından etibarən təqribən 40-50% artıb. Bu da o deməkdir ki, nəticədə neftin dünya bazar qiyməti 100-130 dollar/barel intervalına yüksəlib. Enerji xərclərinin artımı birbaşa istehsal, logistika və xidmət sektorlarına ötürülür, bu da yanacaq və nəqliyyat xidmətlərinin qiymətlərini 15-25% artırır. Məlumat üçün bildirim ki, enerji qiymətlərində hər 10% artım qlobal inflyasiyanı təxminən 0,4 faiz bəndi artırır.

Hazırkı şəraitdə qiymətlərin 30-35% yüksəlməsi inflyasiyanı 1,2–1,5 faiz bəndi artırmaq potensialına malikdir. Belə olduğu halda qlobal qiymət artımı, əsasən, nəqliyyat və logistika üzrə 15-25%, kənd təsərrüfatı və ərzaq məhsulları üzrə 10-20%, sənaye məhsulları üzrə isə 5-15% təşkil edib. Müharibə riskləri qeydə alınarkən daşımalar alternativ marşrutları aktivləşdirir. Alternativ marşrutlar (Afrika ətrafı, boru kəmərləri) isə məsafəni 2–3 dəfə artırır, vaxt itkisində 30-50% gecikmə yaradır. Alternativ marşrut xərcləri əsas marşruta nisbətən 15-25% əlavə yüklənmə tələb edir və nəticədə bu yollar yalnız qismən həll yolu təmin edir, qlobal tələbatın tam ödənilməsinə yetmir”.


 





Ekspert strateji boğazlarda olan məhdudiyyətlərin yalnız neftin daşınmasına deyil, LNG, gübrə, kənd təsərrüfatı məhsulları və sənaye xammallarına da təsir etdiyini qeyd edib:




“Məsələn, gübrə ixracatında qiymətlər 30-40% artmışdır. Sıxılmış maye qaz üzrə də artım tendensiyası müşahidə olunmaqdadır. Bu artımlar ərzaq və sənaye məhsullarının qiymətlərində əlavə artım riski yaradır. Qısaca desək, tranzit haqları və təhlükəsizlik riskləri qlobal neft qiymətlərinə 30-35% artım təzyiqi yaradır. Bu artım qlobal inflyasiyanı qısa müddətdə 1–1,5 faiz bəndi, bəzi regionlarda isə daha yüksək səviyyədə sürətləndirir. Alternativ marşrutların məhdudluğu bu təsirlərin neytrallaşdırılmasını çətinləşdirir”.




Bəsti Rəfizadə

Sfera.az