Son dövrlərdə Avropada təhlükəsizlik mühiti getdikcə daha mürəkkəb və gərgin xarakter alır. Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər, xüsusilə Ukrayna müharibəsindən sonra kəskin şəkildə pisləşib və tərəflər arasında etimad böhranı dərinləşib.
Diplomatik kanalların məhdudlaşması, qarşılıqlı ittihamların artması və sanksiya siyasətinin genişlənməsi regionda sabitliyin daha da kövrəkləşdiyini göstərir. Bu fonda siyasi dairələrdə səslənən açıqlamalar və sərt ritorika mövcud gərginliyin yaxın perspektivdə azalmayacağına dair narahatlıqları artırır.
Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Meman hesab edir ki, Avropa İttifaqı Rusiya ilə diplomatik dialoqa “qapıları bağlamağa” davam edir və bu yanaşma dolayısı ilə müharibəyə hazırlıq mesajı verir.
Onun fikrincə, bu, mümkün olan ən pis siqnallardan biridir və regionda riskləri daha da artırır. Bu kontekstdə sual yaranır: Avropa İttifaqının Rusiya ilə diplomatik dialoqa məsafəli yanaşması regionda gərginliyi daha da artırırmı və bu siyasət gələcəkdə hərbi qarşıdurma riskini nə dərəcədə yüksəldə bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Finlandiya Rusiya ilə münasibətləri uzun müddət gərgin olan bir ölkədir və Rusiya ilə münasibətlərə normal baxmır:
“Xüsusilə də Finlandiya siyasətində olan mühafizəkar kəsim Rusiya ilə münasibətlərə normal baxmır. Daha çox münasibətlərdə ara xəttin olmasının tərəfdarıdır. Burda əsas məsələ isə, Avropa İttifaqına daxil olan ölkələrin Rusiya ilə bağlı yanaşmasıdır. Həmin ölkələr Ukrayna siyasətinə görə, Rusiyaya yox, Ukraynaya daha çox dəstək verirlər. Rusiya ilə aralarında ciddi bir məsafə var. Bu da öz-özlüyündə Avropa İttifaqı və Rusiya arasında kifayət qədər gərginliyə səbəb olacaq amildir”.
Politoloq qeyd edib ki, bundan sonrakı müddətdə Brüssel və Moskva arasındakı dialoqun hansı formada davam edəcəyi məsələsi Ukrayna müharibəsinin taleyindən və dünyadakı enerji resurslarının taleyindən asılı olacaq:
“Çünki, ABŞ və İsrailin İrana hücumundan sonra dünyanın enerji siyasəti olduqca gərgindir. Bu da Avropa İttifaqını çox çətin vəziyyətə salır. Yəni, enerji qiymətlərində fantastik artım müşahidə edilir. Nəticə etibarilə Rusiya neft və qazına ehtiyac yaranır. Çünki, körfəz ölkələri hazırda “ofsayd” vəziyyətindədir. Ona görə də, ola bilər ki, gələcəkdə dialoq yenidən bərpa edər. Eyni zamanda Avropa İttifaqı və Rusiya arasındakı münasibətlərin də normallaşmasına ciddi şəkildə ehtiyac var. Əgər Rusiya Ukrayna məsələsi ilə bağlı Avropa İttifaqının şərtlərini qəbul edərsə, münasibətlərin normallaşması istiqamətində addım atıla bilər. Tamamilə bütün şərtlərin qəbulunu nəzərdə tutmuram, sadəcə olaraq əsas infrastruktur layihələrinə zərbə vurmasa, bir qədər sakit mövqe sərgiləsə, Avropa İttifaqı və Rusiya arasında münasibətlərin nizamlanması üçün addımlar atıla bilər”.
Niyaz Hacıyev
Sfera.az