Yaxın Şərqdə davam edən gərginlik fonunda tərəflərin atəşkəsə münasibəti və bu addımın real nəticələri geniş müzakirə olunur. Xüsusilə diplomatik bəyanatlar atəşkəsin mahiyyəti ilə bağlı müxtəlif suallar doğurur.
Birləşmiş Millətlər Təşkilatıda İranın daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, ABŞ qüvvələrini yenidən qruplaşdırmaq və İrana qarşı fəaliyyətlərini davam etdirmək üçün atəşkəsə ehtiyac duyur.
Diplomat BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qeyd edib ki, “belə şəraitdə atəşkəs yalnız yenidən qruplaşmaq və davam edən fəaliyyətlərə hazırlıq görmək üçün xidmət edir”.
Bu halda, atəşkəsi uzunmüddətli sülhə aparan addım kimi qiymətləndirmək mümkündürmü, yoxsa bu daha çox müvəqqəti taktiki fasilə xarakteri daşıyacaq? Bu cür bəyanatlar BMT Təhlükəsizlik Şurası çərçivəsində qəbul olunan qərarlara necə təsir göstərə bilər?
Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın siyasətində təzyiq hədəflərindən biri də Avropa İttifaqı və NATO idi. Onun sözlərinə görə, Tramp, Rusiya ilə münasibətlərin yaxşılmaşmasına can atırdı:
“Məlumdur ki, İran rejimi Avropa mənşəli təsisatdır və vaxtilə Xomeynini də Fransanın ciddi dəstəyi, Britaniyanın kəşfiyyat müşayiəti ilə Tehrana gətiriblər. İran da öz növbəsində bir sıra Qərb ölkələrinin dərin maraqlarının təmin olunmasında əvəzsiz rol oynayıb. Mahiyyəti etibarı ilə səlibçi məfkurədə olan Avropa ideoloji institutlarının tələbləri qarşısında Fələstin məsələsi üzərindən Yaxın Şərqi daima gərgin saxlayıblar və nəticədə Qərb öz maddi maraqlarına nail olub. Əgər İran həm öz hədələri, həm də proksilərinin yaratdığı problemlə Fələstin məsələsini daima gərgin saxlamasaydı bu gün Yaxın Şərqdə siyasi mənzərə tam başqa olacaqdı, Suriyada müsəlman soyqırımı baş verməyəcək, Livana qarşı Hizbullah bəhanəsi ilə hücumlar olmayacaq, Yəməndə dövlət dağılıb yerində çoxsaylı qruplaşmalar yaranmayacaqdı.
Ola bilsin Türkiyə liderliyində Fələstin dövlətinin yaranması da mümkün olacaqdı. Hazırda üzdə Fələstin dövlətinin yaradılmasını dəstəkləyən Qərb ölkələri əslində müsəlman aləmini daimi təhdid altında, müharibə vəziyyətində saxlamaq üçün bu problemin tam həll olunmasını istəmirlər. Qüds, ümumiyyətlə Fələstin xristian dünyasının qırmızı xəttidir. Tarixi səlib yürüşlərinin hamısı Qüds uğrunda olub. Lakin ABŞ-nin prezidenti Donald Trampın Yaxın Şərq üzrə problemlərin idarə olunmasını Avropa ilə deyil, İsraillə aparması Avropa İttifaqı ölkələri tərəfindən məqbul hesab olunmur. Odur ki, bu müharibənin onların savaşı olmadığını bəyan edirlər. Lakin vaxtilə İraqa müdaxilə zamanı Britaniya başda olmaqla Avropa ölkələri Corc Buşun səlib yürüşünə ciddi dəstək vermiş, kualisiyaya daxil olmuşdular”.
Politoloq qeyd edib ki, əslində hazırda ABŞ-nin, daha doğrusu prezident Trampın qabaqcadan proqnozlaşdırıla bilməyən, solaxay addımlarını alqışlamayan Avropa İttifaqı ölkələri bu müharibə ilə onu stabil siyasətlə İsrailin deyil, Avropanın maraqlarına uyğun addım atmağa məcbur etmək istəyirlər:
“Ona görə İranın bu müharibədə dirəniş göstərməsi ABŞ-nin məcbur qalaraq NATO-dan, Avropa İttifaqından dəstək istəməsinə hesablanıb. İranı əslində atəşkəsdən qaçmağa, müharibəni davam etməyə sürükləyirlər. Təbii ki, bu atəşkəs müvəqqətidir. İranın BMT-dəki nümayəndəsinin açıqlaması ilə İrandakı siyasi liderlərin qəbul etdiyi qərarlar ziddiyyət təşkil edir. Bu da eyni zamanda onu göstərir ki, İran hakimiyyəti ciddi şəkildə parçalanıb və koordinasiya pozulub. Çin, Rusiya da İranın dirəniş göstərməsinin yanındadır. Çünki ABŞ onlar üçün də təhlükədir və İrandan sonrakı hədəfə çevrilə biləcəkləri aydındır. İran nümayəndəsinin açıqlaması İranın həmişəki ikibaşlı, daha doğrusu ikiüzlü siyasətinin nümunəsi də ola bilər. Yəni, atəşkəs zamanı baş verən yaxud sonrakı mərhələdə qarşıya çıxacaq məsələlərlə bağlı beynəlxalq aləmə indidən mesaj verirlər. Hər halda bunun uzunmüddətli sülhə aparan qərar olma ehtimalı azdır. İsrail və ABŞ tam qərarlıdır ki, rejim ya çəkməli ya da islah olunmalıdır. Zənnimcə ikisindən biri baş verməsə bu, ABŞ və İsrailin siyasi məğlubiyyətə uğraması deməkdir”.
Niyaz Hacıyev
Sfera.az