İran ilə İsrail və ABŞ arasında baş verən gərgin hərbi qarşıdurmanın gözlənilmədən iki həftəlik atəşkəslə dayandırılması beynəlxalq aləmdə maraqla və təəccüblə qarşılanıb. Bu qərarın pərdəarxasında həm hərbi, həm də qlobal iqtisadiyyatı sarsıdan ciddi amillər dayanır. Bəzi ekspertlərin fikrincə, ABŞ bu müharibədə geri addım atdı.
Bəs, ABŞ-ni müharibəni dayandırmağa vadar edən nə oldu? Hörmüzün bağlanması ilə əlaqədar dünyada neft təchizatının zəifləməsi, yoxsa başqa səbəblər?
Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Şakir Ağayevin sözlərinə əsasən, ABŞ-ni buna vadar edən ən birinci və ən əsas amil Hörmüz boğazının bağlanması oldu:
“Nə Amerika Birləşmiş Ştatları, nə Körfəz ölkələri, nə də Avropa dövlətləri İranın Hörmüz boğazını bağlayacağını gözləmirdi. İran bunu həmişə hədə-qorxu vasitəsi kimi istifadə edirdi. Məsələn, keçən il 12 günlük müharibədə də oxşar hədələr səslənsə də, boğaz bağlanmamışdı. Lakin bu dəfə İran real addımlar atdı və nəticədə bütün dünyada, o cümlədən Avropa və ABŞ-də ciddi bir enerji böhranı yaranmağa başladı. ABŞ-nin daxilində benzinin qiyməti kəskin artdı ki, bu da birbaşa olaraq Trampın reytinqinə mənfi təsir göstərdi. Məsələ təkcə benzinlə bitmir, yanacaq bahalaşdıqda ərzaq və digər zəruri ehtiyac məhsullarının da qiyməti qalxır ki, bu da insanların sosial rifahını pisləşdirir. Bu, atəşkəs üçün önəmli şərtlərdən biri olsa da, yeganə səbəb deyildi. ABŞ və İsrail müharibənin ilk günündə dini lideri, həmçinin generalliteti, SEPAH rəhbərliyini və digər əsas şəxsləri hədəf alıb öldürməklə İranda xaos yaradacaqlarını düşünürdülər. Onlar hesab edirdilər ki, ölkədə hakimiyyət və rejim dəyişikliyi baş verəcək, beləliklə ABŞ Venesuelada olduğu kimi öz şərtlərinə diktə edə biləcək. Lakin bu plan baş tutmadı”.
Ekspert ABŞ və İsrail kəşfiyyat orqanlarının İranın raket və dron potensialını, qüvvələrinin sayını qiymətləndirərkən ciddi yanlışlığa yol verdiklərini də bildirib:
“İranın həm raketləri, həm də dronları gözləniləndən çox idi və tükənmək bilmirdi. İran bu güclə 38-39 gün ərzində ciddi müqavimət göstərdi. Bu vəziyyət, ilk növbədə İsrailin əlindəki taktiki silahların tükənməsinə səbəb oldu (söhbət ABŞ-nin ümumi silah arsenalından yox, bölgədəki mövcud ehtiyatlardan gedir). Bu müharibə ABŞ büdcəsinə həddindən artıq baha başa gəldi. Təsəvvür edin ki, dəyəri cəmi 1000-2000 dollar olan bir dronu vurmaq üçün 2 milyon dollarlıq "Patriot" raketindən istifadə olunurdu. İranda isə "Shahed" dronlarının sayı-hesabı yox idi. ABŞ iqtisadiyyatına dəyən zərbə və hərbi-sənaye kompleksinin resurslarının sürətlə xərclənməsi vəziyyəti çətinləşdirdi. Səhv etmirəmsə, ay ərzində 100-dən artıq "Patriot" raketi istehsal edə bilmirlər, halbuki 38 günlük müharibə zamanı ABŞ milyardlarla dollar vəsait xərclədi. Bu faktorlar Tramp administrasiyası üçün həm iqtisadi, həm siyasi baxımdan ağır nəticələr doğurdu. Eyni zamanda, İsrail daxilində əhalinin narazılığı artdı, mərkəzi şəhərlər vuruldu, ABŞ və İsrailin Fars körfəzindəki hərbi bazaları demək olar ki, hər gün atəşə tutularaq sıradan çıxarıldı. Hətta bəzi bazalarda təkcə Amerika deyil, İngiltərə və digər dövlətlər də öz hərbi heyətini ərazidən təxliyə etmək məcburiyyətində qaldı. Dünya miqyasında anti-Amerika eyforiyası gücləndi və belə bir təəssürat yarandı ki, İranı məğlub etmək ABŞ üçün qeyri-mümkündür. Amerika öz hegemonluğunu və mövcudluğunu qorumaq üçün bu müharibədən geri addım atmalı idi. ABŞ anladı ki, müharibə daha da uzanarsa, Yaxın Şərqdəki nüfuzunu və mövqelərini tamamilə itirə bilər. Çünki İranın itirəcəyi bir şey yox idi. Rejim sonuncu generalına və raketinə qədər vuruşmaqda qərarlı idi. Məhz bu amillərin məcmusu müharibənin dayandırılmasına və iki həftəlik atəşkəsin elan olunmasına səbəb oldu”.
Bəsti Rəfizadə
Sfera.az