Pakistanda ABŞ və İran arasında aparılan danışıqların uğursuzluğu fonunda Türkiyənin irəli sürdüyü "Dünya Sülh Şurası" ideyası təkcə diplomatik bir təklif kimi qiymətləndirilmir. ABŞ və İran arasında birbaşa təmasların nəticə verməməsinin regionda böyük bir diplomatik boşluq yaratdığı aydındır. Türkiyə bu boşluğu doldurmaq üçün öz platformasını təklif edir. Bu, Ankaranın artıq kənardan izləyən deyil, Yaxın Şərqin taleyini müəyyən edən əsas moderator roluna iddialı olduğunu göstərir.
Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Dövlət Baxçalı tərəfindən irəli sürülən “Dünya Sülh Şurası”nın yaradılması təşəbbüsü haqqında danışarkən ilk növbədə bu ideyanın reallıq və effektivlik baxımından qiymətləndirilməsi lazımdır.
Onun sözlərinə görə, bunun üçün həm mövcud beynəlxalq institutlar, həm də Türkiyənin geosiyasi mövqeyi nəzərə alınmalıdır:
“İlk növbədə, belə bir şuranın yaradılması ideyası konseptual baxımdan cəlbedici görünür. Qlobal miqyasda münaqişələrin artdığı, mövcud diplomatik mexanizmlərin, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəaliyyət göstərən strukturların effektivliyinin sual altına alındığı bir dövrdə alternativ platformalara ehtiyac müzakirə olunur. Bu baxımdan Dövlət Baxçalının yeni bir “sülh platforması” təşəbbüsü irəli sürməsi Türkiyənin qlobal diplomatiyada özünü daha aktiv aktor kimi təqdim etmə cəhdinin davamı kimi qiymətləndirilə bilər”.
Politoloq qeyd edib ki, təşəbbüsün real həyata keçirilməsi bir sıra ciddi çətinliklərlə üzləşə bilər:
“Birincisi, “Dünya Sülh Şurası” kimi qlobal legitimliyə iddia edən bir qurumun formalaşması üçün böyük güclərin, yəni ABŞ, Çin, Rusiya və Avropa İttifaqı kimi aktorların razılığı və ya ən azı neytral münasibəti tələb olunur. Mövcud geosiyasi rəqabət fonunda bu cür konsensusun əldə edilməsi olduqca çətindir. Digər tərəfdən, belə bir şuranın funksional çərçivəsi də sual doğurur. Bu qurum sadəcə müzakirə platformasımı olacaq, yoxsa konkret vasitəçilik və qərar qəbuletmə səlahiyyətlərinə malik olacaq? Əgər yalnız müzakirə platforması kimi fəaliyyət göstərəcəksə, o zaman bu, artıq mövcud olan beynəlxalq forumların, məsələn Davos İqtisadi Forumu və ya müxtəlif regional təhlükəsizlik konfranslarının təkrarı kimi görünə bilər. Əgər daha güclü mandat nəzərdə tutulursa, bu zaman legitimlik və tanınma məsələləri daha da aktuallaşır. Onu da nəzərə alaq ki, artıq Trampın təşəbbüsü ilə “Sülh Şurası” adlı qurum yaradılıb və təşəbbüsün dünyanın super gücü tərəfindən gəlməsinə baxmayaraq burada təmsil olunan dövlətlərin sayı elə də çox deyil”.
Müsahibimiz vurğulayıb ki, təşəbbüsün özünün Türkiyənin vasitəçi roluna müsbət potensial təsiri ola bilər:
“Son illərdə Türkiyə özünü regional və qlobal münaqişələrdə vasitəçi kimi təqdim etməyə çalışır. Məsələn, Rusiya–Ukrayna müharibəsi fonunda İstanbul danışıqları, həmçinin müxtəlif regional münaqişələrdə balanslı mövqe tutmaq cəhdləri Ankaranın bu istiqamətdə aktiv siyasət apardığını göstərir. Bu baxımdan “Dünya Sülh Şurası” təşəbbüsü daha çox simvolik və diplomatik alət kimi Türkiyənin “vasitəçi dövlət” imicini gücləndirməyə xidmət edə bilər. Eyni zamanda, təşəbbüsün daxili siyasi kontekstdə də qiymətləndirilməsi vacibdir. Milliyyətçi Hərəkat Partiyası lideri olan Baxçalının bu cür qlobal təşəbbüslərlə çıxış etməsi Türkiyənin beynəlxalq rolunun artırılması ilə bağlı milli diskursu gücləndirməyə yönəlib. Bu, həm də Türkiyənin regional gücdən qlobal aktora keçid narrativinin bir hissəsi kimi təqdim oluna bilər. Odur ki, Türkiyədə “Dünya Sülh Şurası”nın yaradılması təşəbbüsü qısa müddətdə institusional və qlobal təsir baxımından real görünməsə də, diplomatik imic və vasitəçilik ambisiyalarının gücləndirilməsi baxımından müəyyən dərəcədə faydalı ola bilər. Bu ideyanın uğuru isə onun konkret mexanizmlərlə necə dəstəklənəcəyindən və beynəlxalq aktorların bu təşəbbüsə necə reaksiya verəcəyindən asılı olacaq”.
Niyaz Hacıyev
Sfera.az