Valideyn-övlad münasibətləri insan psixologiyasının ən həssas və eyni zamanda ən mürəkkəb sahələrindən biridir.


 


Bu münasibətin sağlam şəkildə formalaşması isə təkcə sevgi və qayğı ilə deyil, eyni zamanda düzgün sərhədlərin qurulması ilə mümkündür.


 


Valideyn-övlad münasibətlərində sərhəd anlayışı olmalıdırmı? Bəzi yanaşmalara görə, valideyn və övlad arasında münasibətlər tam açıq və gizliliksiz olmalıdır. Digər fikrə görə isə, bu münasibətdə müəyyən sərhədlərin və şəxsi məkanın qorunması psixoloji baxımdan daha sağlamdır. Bəs psixoloji baxımdan bu balans necə tənzimlənməlidir?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gövhər Məmmədova bildirib ki, valideyn-övlad münasibətləri daxil olmaqla, bütün münasibətlərin özəyini sevgi, hörmət və anlayış təşkil edir:


 



 


“Lakin bu, münasibətlərdə sərhədsiz olacağımız anlamına gəlmir. Sərhədlər isə hər ailənin, hər münasibətin özünəməxsus olur. Bəzən düşünülür ki, valideyn övladı ilə dost olmalıdır. Bəli, bu, düzgün fikirdir, lakin necə olmalıdır? Burada zərif bir xətt var ki, əsas olaraq ona diqqət edilməlidir”.


 


Psixoloqun sözlərinə görə, ana və ata öz statusunu qorumalıdır, eyni zamanda övladına onunla hər şeyi paylaşa biləcəyini, dost kimi davrana biləcəyini hiss etdirməlidir:


 


“Burada edilən yanlış “mən sənin atan yox, dostunam”, “mən sənin anan yox, rəfiqənəm” kimi ifadələrin işlədilməsidir. Bu halda uşaq valideyn münasibətindən məhrum qalır; nə valideyni ilə sağlam bağ qura bilir, nə də tam mənada dost münasibəti formalaşır. Ona görə də balansı qorumaq mütləqdir. Ana və ata həm valideyn, həm dost, həm də övladın ən güvənəcəyi, etibar edəcəyi, səhvlərini etiraf etməkdən qorxmayacağı, məsləhət almaqdan çəkinməyəcəyi insan olmalıdır”.


 


Fidan Hacızadə


Sfera.az