İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonla danışıqların gedişi ilə bağlı sərt açıqlama verib. Onun sözlərinə görə, tərəflər artıq “İslamabad Anlaşma Memorandumu”nun imzalanması ərəfəsində olub.
Lakin məhz bu mərhələdə ABŞ tərəfindən maksimalist tələblər irəli sürülüb, şərtlər davamlı dəyişdirilib və proses blokadaya salınıb.
Nazir vurğulayıb ki, bu vəziyyət Vaşinqtonun əvvəlki təcrübələrdən nəticə çıxarmadığını göstərir:
“Xoş niyyət xoş niyyət doğurur, düşmənçilik isə düşmənçilik doğurur”.
ABŞ-nin son anda şərtləri dəyişməsini nə ilə izah etmək olar? Əraqçinin "xoş niyyət xoş niyyət doğurur" ifadəsi Vaşinqtona ünvanlanmış sonuncu diplomatik xəbərdarlıq sayıla bilərmi?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İran xarici işlər naziri görüşün alınmaması və ya nəticəsiz qalması ilə bağlı günahı öz üzərinə götürməyəcəkdi və bu, gözlənilən bəyanatdır:
“İran tərəfi bütün danışıqların pozulmasında və nəticə əldə olunmamasında Amerika Birləşmiş Ştatlarını günahlandırır, eyni qaydada ABŞ də danışıqların nəticə verməməsinə görə günahı İranda görür. Bu da təbiidir, tərəflər əldə edə bilmədikləri nəticələrə görə bir-birini günahlandırırlar. Amma mən hesab edirəm ki, bu görüşün nəticə verməməsinin əsas səbəbi görüşə tam hazırlaşmamaq idi. Yəni hər iki tərəf görüşə kifayət qədər hazır deyildi. Belə ki, Tramp “14 günlük atəşkəs elan olunsun, sonra Pakistanda görüş keçirilsin” dedi və proses bu şəkildə başladı. Halbuki bu cür görüşlər belə təşkil olunmur. Onlar yalnız məsələlər razılaşdırıldıqdan sonra keçirilir. Məsələlər isə tam razılaşdırılmamışdı, müzakirə olunacaq şərtlərlə bağlı tərəflərin mövqeləri tamamilə fərqli idi. Amerika Birləşmiş Ştatları on tələb irəli sürmüşdü, İran da eyni sayda tələb irəli sürmüşdü və bu tələblərin heç birinin qəbul olunması ilə bağlı açıqlama verilmirdi. Hər iki tərəf qarşı tərəfin şərtlərinin qəbul edilməyəcəyini bildirirdi. Belə olan halda isə görüşün keçirilməsinin nə mənası var idi? Əgər tərəflər bir-birinin şərtlərini qəbul etməyəcəkdilərsə, düşünürəm ki, bu görüşə ehtiyac yox idi. Bu, daha çox görüş xatirinə keçirilən bir görüş idi və tərəflər əvvəlki mövqelərində qaldılar”.
Politoloq Amerika Birləşmiş Ştatlarının son anda şərtləri dəyişməsi və yeni şərtlər irəli sürməsi ilə bağlı Əraqçinin səsləndirdiyi iddiaların bir qədər şişirdilmiş fikirlər olduğunu bildirib:
“Əraqçi görüşə gedərkən Amerika Birləşmiş Ştatlarının şərtlərinin nə olduğunu bilirdi və hansı şərtlərin qəbul olunub-olunmayacağını da anlayırdı. ABŞ görüş zamanı yeni şərtlər irəli sürmədi, əvvəldən paket şəklində təqdim etdiyi şərtləri yenidən müzakirəyə çıxardı. Sadəcə İran tərəfi bu şərtləri qəbul etmək istəmirdi və qəbul edə də bilməzdi. Məhz buna görə görüş nəticəsiz qaldı. Bu görüş tərəflərə sadəcə müharibədən pauza əldə etmək üçün lazım idi. Görüşün nəticəsiz qalması və sonradan yeni görüş tarixinin müəyyən edilməməsi də bu fikrin müəyyən qədər əsaslı olduğunu göstərir. Yəni 14 günlük atəşkəs əslində pauza idi və tərəflərin növbəti müharibəyə hazırlaşmasına xidmət edirdi. Açıq şəkildə “pauza veririk və müharibəyə hazırlaşırıq” demək mümkün olmadığından, görüş məsələsi ortaya atıldı və bu məqsədlə 14 günlük fasilə elan edildi. Amerika Birləşmiş Ştatlarının yenidən döyüşlərə başlamaq niyyətində olduğunu isə atəşkəs elan edilən andan etibarən regiona yeni qüvvələr göndərməsi göstərirdi.
Bu da onu deməyə əsas verir ki, ABŞ istifadə olunmuş hərbi sursatın yerini doldurmaq üçün zamana ehtiyac duyurdu və buna görə 14 günlük fasilə götürdü. Eyni zamanda, bu müddət ərzində ABŞ hərbi qüvvələrinə 40 günlük müharibəni yenidən qiymətləndirmək üçün də vaxt lazım idi. Göründüyü kimi, atəşkəs əldə olunan kimi və ya danışıqlar prosesi başa çatdıqdan dərhal sonra ABŞ Qırmızı boğazı blokadaya aldığını elan etdi ki, bu da döyüşlərin gedişində yeni addım idi. Əraqçinin “xoş niyyət doğurur” ifadəsi ilə Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etməsinə gəlincə isə, düşünmürəm ki, İran hazırkı şəraitdə ABŞ-yə ciddi xəbərdarlıq etmək imkanına malikdir. İranın edə biləcəyi əsas addım danışıqlar prosesindən çəkilməkdir ki, bu da müharibənin yenidən qızışmasına səbəb ola bilər. Vensin də qeyd etdiyi kimi, sülhün əldə olunması, atəşkəs və danışıqlar prosesi daha çox İrana lazımdır, nəinki Amerika Birləşmiş Ştatlarına. Hadisələrin indiki gedişatı isə göstərir ki, yaxın günlərdə müharibə yenidən başlaya bilər və bu dəfə daha şiddətli xarakter ala bilər”.
Bəsti Rəfizadə
Sfera.az