Son günlər ölkədə ali təhsil sistemində mümkün dəyişikliklər, xüsusilə universitetlərin paytaxtdan bölgələrə köçürülməsi ilə bağlı müzakirələr geniş vüsət alıb. Bu təşəbbüs həm regionların inkişafı, həm də paytaxtda sıxlığın azaldılması baxımından aktuallaşır və müxtəlif ekspertlər tərəfindən fərqli aspektlərdən dəyərləndirilir.
Yaxın zamanda bunun şahidi ola bilərikmi? Bölgələrdə infrastruktur və akademik resurslar bu dəyişiklik üçün kifayət edirmi?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında bildirib ki, universitetlərin paytaxtdan bölgələrə köçürülməsi mövzusu illərdir müzakirə masasında olan, həm şəhərsalma, həm də təhsil siyasəti baxımından strateji bir məsələdir.
Onun sözlərinə görə, məsələyə sadəcə universitetin köçürülməsi kimi deyil, daha çox mərhələli şəkildə mərkəzsizləşdirmə prosesindən danışa bilərik:
“Bakının infrastrukturu artıq bu yükü daşımaqda çətinlik çəkir; tıxaclar, kirayə mənzil bazarındakı gərginlik və demoqrafik sıxlıq bizi istər-istəməz bu addımı atmağa sövq edir. Amma bu, sadəcə bir əmrlə reallaşacaq qədər bəsit bir mexanizm deyil. Universitet təkcə auditoriya və binadan ibarət deyil, o, nəhəng bir ekosistemdir. Biz "köçürülmə" dedikdə, ilk növbədə həmin bölgənin akademik resurslarını və kadr potensialını tərəziyə qoymalıyıq. Etiraf etməliyik ki, bu gün bölgələrimizdəki mövcud infrastruktur beynəlxalq standartlara cavab verən, minlərlə tələbə və professor heyətini eyni anda qəbul edə biləcək səviyyədə deyil. Akademik resurs dediyimiz şey isə illərlə formalaşan kitabxanalar, laboratoriyalar və ən əsası, elmi mühitdir. Paytaxtda formalaşmış elmi elitanı, təcrübəli professor-müəllim heyətini bölgələrə cəlb etmək üçün onlara sadəcə iş yeri deyil, həm də paytaxtdan geri qalmayan həyat standartı, sosial təminat və elmi inkişaf imkanları təklif edilməlidir”.
Ekspert qeyd edib ki, hazırda ən ağlabatan model universitetlərin filial şəbəkəsinin genişləndirilməsi və ya müəyyən ixtisas qrupları üzrə ixtisaslaşmış kampusların (məsələn, aqrar sahənin Gəncədə, turizmin şimal zonasında cəmləşməsi kimi) yaradılmasıdır:
“Şəhərin mərkəzindəki tarixi binaları boşaltmaqdansa, yeni yaranan texnoloji və sənaye zonalarında müasir kampuslar inşa etmək daha səmərəli olar. Bu, həm də bölgənin iqtisadi canlanmasına, yerli sənaye ilə təhsilin inteqrasiyasına səbəb olar. Yəni, biz bu prosesə "qovulma" kimi deyil, "inkişafın coğrafiyasını genişləndirmək" kimi baxmalıyıq. İnfrastruktur isə paralel şəkildə qurulmalıdır; müasir yataqxanalar, sürətli internet və sosial obyektlər hazır olmadan edilən hər hansı kütləvi köçürülmə təhsilin keyfiyyətinə ciddi zərbə vura bilər”.
Niyaz Hacıyev
Sfera.az