Azərbaycanda təbii artımın zəifləməsi artıq sadə bir statistik rəqəm deyil, milli təhlükəsizlik səviyyəsində bir problemə çevrilməyə doğru gedir. Ölkənin son illərə aid rəsmi statistikası demoqrafik strukturda ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Doğum səviyyəsinin aşağı düşməsi, ölüm hallarının artması və gənclərin ümumi əhali içində payının azalması artıq uzunmüddətli sosial və iqtisadi nəticələr doğura biləcək tendensiya kimi qiymətləndirilir.
Sfera.az-ın araşdırmasına əsasən, Azərbaycanda doğum sayı ötən illərə nisbətən xeyli aşağı düşüb. Belə ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatına görə, 2026-cı ilin ilk iki ayında cəmi 14797 körpə dünyaya göz açıb. Müqayisə üçün bildirək ki, əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 9,7-dən 8,9-a qədər geriləyib.
Bu mənfi trend 2025-ci ildən etibarən daha da dərinləşib. Belə ki, 2025-ci ilin 11 ayı ərzində doğulanların sayı 88135 nəfər olub və bu tendensiya 2024-cü illə müqayisədə artımın xeyli azaldığını ortaya qoyub.
Eyni zamanda, ölüm hallarında artım müşahidə olunub. Hər 1000 nəfərə düşən ölüm əmsalı 5,7-dən 5,8-ə yüksəlib. Doğumun azalması və ölümün artması fonunda təbii artımın kəskin zəifləməsi ölkənin demoqrafik gələcəyini ciddi sual altına qoyur.
Birinci sinfə gedənlərin sayı da kəskin azalıb
Demoqrafik böhranın ən aydın təzahürü təhsil sistemində özünü göstərir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatları göstərir ki, 2025-2026-cı tədris ilində birinci sinfə qəbul olan uşaqların sayı cəmi 125 min nəfər təşkil edib. Halbuki, cəmi bir il əvvəl bu rəqəm 132261 nəfər idi. Bir il ərzində 7 mindən çox şagird fərqi, gələcəkdə işçi qüvvəsinin və intellektual potensialın azalacağından xəbər verən ciddi mesajdır.
Statistika Komitəsinin rəqəmləri daha bir acı reallığı üzə çıxarıb. Belə ki, Azərbaycan əhalisi artsa da, gəncləşmir.
2000-ci ildə ölkə əhalisi 8 milyon nəfər ikən gənclərin (15-29 yaş) sayı 2.3 milyon idi. Hazırda əhali 10 milyonu keçsə də, gənclərin sayı hələ də 2.3 milyon civarındadır. Bu isə 2000-ci ildə qeydə alınan rəqəmlə təxminən eynidir. Ən pik nöqtə 2010-cu ildə qeydə alınıb. Həmin vaxt 9 milyonluq əhalinin 2.8 milyonu gənclər idi. Son 15 ildə gənclərin ümumi əhalidəki payı 31 faizdən 23 faizə düşüb. Bu isə o deməkdir ki, cəmiyyətdə gənclərin xüsusi çəkisi 8 faiz azalıb.
Gənclər evlənmək istəmir...
2026-cı ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5250 nikaha daxilolma və 3376 boşanma halı qeydə alınıb. Beləliklə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,2-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Demoqrafik uçurumun səbəbləri həm iqtisadi, həm də sosial xarakter daşıyır. Müşahidələr göstərir ki, çoxuşaqlı ailə modeli artıq tarixə qovuşub. Müasir gənc ailələr iqtisadi çətinliklər və gələcək qayğısı səbəbindən bir, maksimum iki uşaqla kifayətlənirlər. Ölkədə doğum səviyyəsinin 40 faiz aşağı düşməsi bu yanaşmanın nəticəsidir.
Digər tərəfdən, gənclər arasında işsizlik faktoru da ailə planlamasına birbaşa təsir edir. Rəsmi statistikaya görə, gənclərin 5.3 faizi işsizdir. Xanımlar arasında bu göstərici 6.1 faiz, bəylərdə isə 4.6 faiz təşkil edir. İşsizlik və sosial təminatın yetərsizliyi gəncləri böyük ailə qurmaqdan çəkindirən əsas baryerlərdən biridir. Əgər bu tendensiya davam edərsə, 15-20 ildən sonra əmək bazarına daxil olan gənclərin sayı pensiyaya çıxanlardan az olacaq. Bu, iqtisadiyyatda "işçi qıtlığı" yaradacaq.
Həmçinin, doğumun azalması birbaşa olaraq milli təhlükəsizlik və orduya çağırış resurslarının (hərbi mükəlləfiyyətli gənclərin) sayının azalması deməkdir. Əgər yaxın gələcəkdə doğumun stimullaşdırılması və gənc ailələrin sosial müdafiəsi ilə bağlı köklü islahatlar aparılmazsa, ölkənin "qocalan cəmiyyətlər" sırasına daxil olması qaçılmazdır.
Bəsti Rəfizadə
Sfera.az