ABŞ Ordusu İranın dəniz limanlarının blokadasını təmin etmək üçün bölgədə 10 mindən çox hərbçi, 10-dan çox gəmi və onlarla təyyarə yerləşdirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“10 mindən çox amerikalı dənizçi, dəniz piyadası və hava qüvvələri, eləcə də 10-dan çox gəmi və onlarla təyyarə yük gəmilərinin İran dəniz limanlarına daxil olmasının qarşısını almaq üçün missiya yerinə yetirir”,– məlumatda deyilib.
Komandanlıq əlavə edib ki, ABŞ Ordusunun təlimatlarına əsasən, blokada elan edildikdən sonrakı ilk 24 saat ərzində ən azı 6 ticarət gəmisi kursunu dəyişərək limana qayıdıb. Bəyanatda blokadanın hansı ölkələrə məxsusluğundan asılı olmayaraq bütün gəmilərə şamil edildiyi vurğulanıb.
Buna İranın reaksiyası necə olacaq və dünya ticarət bazarına təsirində nə kimi hallar baş verə bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlu söyləyib ki, İran belə bir blokadanı faktiki olaraq müharibə aktı kimi qiymətləndirir:
“Rəsmi Tehranın cavabı belə bir durumda çoxşaxəli ola bilər. Birincisi, İran ABŞ ilə müqayisədə öz potensialını yaxşı bildiyi üçün asimmetrik strategiyaya əl atacaq. Məsələn, ehtimallar bunlardır ki, Hörmüz boğazında hücumlar (minalar, sürətli katerlər) başladıla, tankerlərə və ABŞ müttəfiqlərinə qarşı təzyiqlər artırıla, həmçinin pilotsuz uçuş aparatları və raketlərlə zərbələr intensivləşdirilə bilər. Bu kontekstdə məncə, Hörmüz boğazı kritik rol oynayır. Dünya neftinin təxminən 20-25%-i buradan keçir və İran bunu əsas rıçaq kimi istifadə etməkdədir. Bu səbəbdən də İranın bu istiqamətdə mübarizəsi ciddi və ölüm-dirim xarakteri ala bilər. Dediyim kimi burada İran birbaşa müharibədən çox öz regional proksi qüvvələrini aktivləşdirə bilər. Paralelində İraq, Suriya və Livanda ABŞ hədəflərinə hücumları artıra və Yəməndə husilərin əli ilə Qırmızı dənizdə gəmilərin keçidinə təsir edə bilər. Ən ciddi ehtimallardan biri də məncə İranın nüvə proqramı ətrafında ritorikasının daha da kəskinləşə bilməsidir. Bu subyektiv fikrimdir, baxmayaraq İran bu günə qədər urandan yalnız mülki məqsədlər üçün istifadə etdiyini etiraf edib. Amma güman budur ki, İran üzərinə hücumlar onun Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını məhdudlaşdıra bilər və nəticə etibarı ilə İran uranın zənginləşdirməni daha da artıra bilər”.
Siyasi şərhçi vurğulayıb ki, dünya ticarət bazarına təsir məsələsinə gəlincə, blokadanın qlobal iqtisadi sistem üçün şok effekti yarada bilmə potensialı qaçılmazdır:
“Təsəvvür edin bu hadisədən sonra enerji bazarlarında neftin qiymətlərinin artması ilə partlayış yarana bilər. Xüsusilə Çin, Hindistan və Yaponiya kimi ciddi alıcılara bu öz təsirini göstərmiş olacaq. Düzdür, bunun təsirləri nə qədər ola bilər bu, ayrı məsələdir, yəni daha çox iqtisadçıların hesablamarına görə nəzərə almaq olar. Amma ümumi təsirlər labüd hesab edilir. Məsələn burada sığorta xərclərinin artması, tankerlərin alternativ marşrut xətlərinə yönəldilməsi əlavə gərginlik, vaxt və pul itkisinə səbəb olan birbaşa faktorlardır. Əlavə etməliyəm ki, bu həmçinin ABŞ üçün də zərərlərə səbəb olacaq.
Məsələn, ABŞ artıq uzunmüddətli müharibəyə cəlb olunmuş olacaq. Neftin qiymətləri ABŞ-nin daxili siyasətinə bilavasitə təsir edəcək və ən başlıcası müttəfiqləri ilə birbaşa koordinasiya yaratmaqda problemləri daha da dərinləşdirəcək. Onsuz da hazırki durumda ABŞ-nin Qərb müttəfiqləri ilə arası olduqca soyuqdur. Bu da Trampın birbaşa apardığı siyasətilə əlaqəlidir”.
Fidan Hacızadə
Sfera.az