İsrail və Livan arasında vasitəçilərin köməkliyi ilə aparılan danışıqlarda “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən Livan hökuməti bu qruplaşmanı silahsızlaşdırmalıdır.
Uzun illərdir ki, Livan daxilində yalnız hərbi deyil, həm də siyasi və sosial təsir imkanlarına malik olan bu qruplaşmanın silahsızlaşdırılması məsələsi təkcə iki ölkə arasında təhlükəsizlik gündəliyinin bir hissəsi deyil, eyni zamanda İran, ABŞ və digər regional və qlobal güclərin maraqlarının toqquşduğu həssas bir məsələdir.
Belə bir razılaşmanın reallaşma ehtimalı, onun hansı mexanizmlərlə icra olunacağı və ən əsası, bunun regionda qüvvələr balansına necə təsir göstərəcəyi ciddi müzakirə predmetinə çevrilib. Tehranın bu məsələyə verəcəyi reaksiya və atacağı addımlar da prosesin gələcək istiqamətini müəyyən edən əsas amillərdən biri kimi ön plana çıxır.
Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, İsrail ilə Livan arasında aparılan danışıqlarda "Hizbullah"ın tərksilah edilməsi ilə bağlı razılaşmanın əldə olunması, əslində regionun ən mürəkkəb təhlükəsizlik düyünlərindən birinə toxunur.
Onun sözlərinə görə bu məsələni yalnız hüquqi və ya diplomatik müstəvidə deyil, həm də real güc balansı kontekstində qiymətləndirmək lazımdır:
“Livan dövlət institutlarının zəifliyi, siyasi sistemin konfessional strukturu və silahlı qeyri-dövlət aktorlarının ölkə daxilində uzun illərdir formalaşmış hərbi-siyasi təsiri nəzərə alındıqda, tərksilah prosesi təkcə qərarla deyil, çoxqatlı daxili və xarici təzyiqlərlə müəyyən olunacaq bir proses kimi görünür. Bu baxımdan Livan hökumətinin belə bir addımı təkbaşına və sürətli şəkildə həyata keçirməsi olduqca çətindir və demək olar ki, real deyil”.
Politoloq qeyd edib ki, praktiki müstəvidə Livan dövlətinin "Hizbullah" kimi geniş hərbi infrastruktura və sosial dayaqlara malik bir qruplaşmanı tərksilah edə bilməsi bir neçə əsas amildən asılıdır:
“Birincisi, dövlət ordusunun institusional gücü və siyasi mandatının yetərliliyi, ikincisi, daxili siyasi konsensusun mövcudluğu və ən nəhayət cəmiyyət daxilində bu prosesə veriləcək dəstək səviyyəsi önəmlidir. Hazırkı reallıqda Livan ordusu nisbi neytrallığını qorusa da, ölkə daxilində siyasi parçalanma və iqtisadi böhran onun genişmiqyaslı güc tətbiqi imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bundan əlavə, "Hizbullah"ın yalnız hərbi deyil, həm də sosial xidmətlər və siyasi təmsilçilik vasitəsilə cəmiyyətin müəyyən hissəsində legitimlik qazanması onun sırf “silahlı qrup” kimi deyil, paralel dövlət strukturu kimi fəaliyyət göstərməsinə şərait yaradır. Bu isə tərksilah prosesini daha da mürəkkəbləşdirir və onu uzunmüddətli siyasi transformasiya məsələsinə çevirir”.
R.Bayramov nəzərə çatdırıb ki, xarici aktorların təsiri baxımından isə İran amili həlledici əhəmiyyət daşıyır:
“İran uzun illərdir "Hizbullah"ı öz regional təsir strategiyasının əsas dayaqlarından biri kimi istifadə edir və bu qruplaşmanın hərbi potensialını Yaxın Şərqdə strateji çəkindirmə vasitəsi kimi görür. Buna görə də tərksilah istiqamətində real addımlar atılarsa, İranın reaksiyası da qaçılmaz olacaq. Tehran bu prosesi regionda öz nüfuzunun zəiflədilməsi kimi qiymətləndirə və bunu balanslaşdırmaq üçün Livan daxilində və ya digər regional aktorlar vasitəsilə təzyiq mexanizmlərini aktivləşdirə bilər.
Ümumi olaraq, Livan hökumətinin "Hizbullah"ın tərksilahını həyata keçirməsi qısa müddətdə tam və effektiv şəkildə baş verə biləcək bir proses kimi görünmür. İranın reaksiyası isə sərt ritorikadan başlayaraq, dolayı təsir mexanizmlərinə qədər uzanan çoxsəviyyəli strategiya xarakteri daşıyacaq”.
Firuzə Əliyeva
Sfera.az