ABŞ aprelin 13-ü saat 18:00-dan Hörmüz boğazından keçidə qadağa tətbiq edib. Qadağa İrana da şamil olunur. İran ixracının və idxalının çox hissəsini bu su yolu vasitəsilə həyata keçirir.


 


Belə blokada vəziyyətində İran iqtisadiyyatı böhranla üzləşə bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, Hörmüz boğazı qlobal enerji və ticarət üçün son dərəcə vacib marşrutdur və İran üçün xüsusilə həyati əhəmiyyət daşıyır. 


 


Onun sözlərinə görə, İranın neft ixracının böyük hissəsi və ümumi xarici ticarətinin əhəmiyyətli payı məhz bu su yolu ilə həyata keçirilir:


 


"Əgər ABŞ tərəfindən belə bir keçid qadağası real və effektiv şəkildə tətbiq olunsa və İran da bu blokadaya məruz qalsa, bu vəziyyət İran iqtisadiyyatı üçün ciddi təzyiq yaradar. Neft ixracı kəskin azalarsa, dövlət büdcəsinin əsas gəlir mənbəyi zəifləyər. Bu isə milli valyutanın dəyərdən düşməsinə, inflyasiyanın artmasına və dövlət xərclərinin maliyyələşdirilməsində çətinliklərə səbəb ola bilər".


 



Onun sözlərinə görə, idxalın məhdudlaşması sənaye istehsalına və daxili bazara təsir edər:


 


“İran bir çox texnologiya, xammal və istehlak mallarını xaricdən alır, buna görə logistikanın pozulması məhsul qıtlığına və qiymət artımına gətirib çıxara bilər.

Bununla belə, İran alternativ yollar tapmağa çalışa bilər. Quru sərhədlərindən istifadə, qonşu ölkələrlə ticarətin genişləndirilməsi və qeyri-rəsmi kanalların aktivləşdirilməsi müəyyən qədər təsiri yumşalda bilər. Bundan əlavə, belə bir blokada beynəlxalq səviyyədə ciddi siyasi və hərbi gərginlik yaradacağından, uzun müddət davam etməsi də qeyri-müəyyəndir.

Ümumiyyətlə, belə bir ssenari İran iqtisadiyyatını dərhal çökdürməsə də, ciddi böhran riskini xeyli artırar və ölkəni həm iqtisadi, həm də sosial baxımdan çətin vəziyyətə sala bilər”.


 


İqtisadçı Allahverdi Aydın saytımıza bildirib ki, ABŞ-nin belə bir qadağanı necə və hansı formada tətbiq edəcəyi aydın deyil:


 


“ABŞ-İsrail bombardumanının ən qızğın dövründə belə Hörmüz boğazının tam bağlanması mümkün olmadı. Əgər nəzəri olaraq hesab etsək ki, Hörmüz boğazını bağlamaq mümükündür, o zaman bu qlobal enerji bazarları üçün fəlakətli nəticələrə səbəb ola bilər. Çünki Hörmüz boğazı sadəcə bir ticarət yolu deyil, dünya neft ticarətinin “şah damarı” hesab olunur. Hazırda qlobal xam neft istehlakının təxminən 20 faizi məhz bu boğazdan keçir. Çin kimi nəhəng iqtisadiyyatın təxminən 25%-i Hörmüz vasitəsilə daşınan neftdən asılıdır”. 


 





A.Aydın qeyd edib ki, boğazın bağlanmasından ən böyük zərər İran iqtisadiyyatına dəyə bilər:


 


“İranın dövlət büdcəsinin və valyuta daxilolmalarının asılı olduğu neft ixracının böyük hissəsi bu boğaz vasitəsilə dünya bazarlarına çıxarılır. Eyni zamanda, ölkənin ərzaq və texnoloji idxalının əsas marşrutu da məhz buradan keçir.

Boğaz İran üçün bağlanarsa İran iqtisadiyyatının ciddi böhranla üzləşəcəyi qaçılmazdır. İxrac yolu bağlanan ölkədə daxili valyuta çatışmazlığı yarana bilər. Bu isə milli valyutanın kəskin dəyər itirməsinə və inflyasiyanın nəzarətdən çıxmasına gətirib çıxara bilər. İranın bu vəziyyətdə alternativ quru yollardan istifadə etmək imkanı var. Amma aydındır ki, daşınma həcmi və xərcləri baxımından dəniz yolunu əvəz etmək qısa müddətdə qeyri-mümkündür. 

Hörmüz boğazının bağlanması təkcə yanacaq deyil, kənd təsərrüfatı sektoru üçün də fəlakətli nəticələrə səbəb ola bilər. Dünya üzrə azotlu gübrələrin təxminən üçdə biri məhz bu marşrutla daşınır. İranın özü dünyanın ən böyük karbamid ixracatçılarından biridir və bu ixracın dayanması qlobal kənd təsərrüfatı sektorunda xərclərin kəskin artmasına, nəticədə isə bütün dünyada ərzaq inflyasiyasının kəskin artmasına səbəb olacaq. İranın daxilində isə vəziyyət daha mürəkkəbdir, çünki ölkə həm kənd təsərrüfatı üçün lazım olan komponentləri, həm də bəzi strateji ərzaq məhsullarını idxal etmək üçün boğazdan asılıdır. 

Amma, qeyd etdiyim kimi, bu sadəcə nəzəri olaraq belə görünür. Praktikada belə bir halın olmasının çox ağır nəticələri ola bilər. ABŞ-nin bu addımı Çinin enerji təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilə bilər”.




Firuzə Əliyeva

Sfera.az