Tramp italiyalı nazirin İranla müharibədə ABŞ-ni dəstəkləməkdən imtina etməsini qəbuledilməz adlandırıb.


 


Tramp bu sözləri ilə Meloninin Roma Papası XIV Leonu ABŞ prezidenti ilə mübahisədə dəstəkləməsinə reaksiya verib


 


"Mən şokdayam. Mən onun cəsur olduğunu düşünürdüm, amma səhv etmişəm. O, NATO ilə birlikdə bizə kömək etmək, İranın nüvə silahından qurtulmağa kömək etmək istəmir. Mən onun tamamilə başqa cür olduğunu düşünürdüm. Onu sanki əvəz ediblər",– deyə Ağ Evin rəhbəri vurğulayıb.


 


Qeyd edək ki, ABŞ daha əvvəl Fransa prezidenti ilə bağlı da açıqlama verərək Makronun ABŞ-yə İranla bağlı yardım etmədiyini bildirib.


 


Trampın bu sərt ritorikası ABŞ-İtaliya münasibətlərinə və NATO daxilindəki birliyə necə təsir edəcək?


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Yusif Bağırzadənin sözlərinə əsasən, Tramp tərəfindən səsləndirilən və Meloninin, eləcə də ümumilikdə İtaliya hökumətinin mövqeyinə yönəlmiş sərt tənqidlər ABŞ və Avropa İttifaqı daxilindəki əsas müttəfiqlər arasında siyasi koordinasiyanın mürəkkəbləşməsinə səbəb ola bilər:


 



 


“Bu cür bəyanatlar adətən konkret siyasət dəyişikliklərindən çox, daxili siyasi auditoriyaya yönəlmiş mesaj funksiyası daşısa da, beynəlxalq münasibətlərdə etimad mühitinə təsir etmə potensialı yüksəkdir. İlk növbədə onu qeyd edim ki, ABŞ-İtaliya münasibətləri tarixi olaraq güclü transatlantik əməkdaşlığa əsaslanır və İtaliya NATO daxilində ABŞ-nin ən yaxın Avropa tərəfdaşlarından biri kimi çıxış edir. Buna baxmayaraq, Yaxın Şərqdə, xüsusilə İranla bağlı eskalasiya çərçivəsində Avropa ölkələrinin bir hissəsi daha ehtiyatlı və diplomatik yanaşma sərgiləyir. Fransa kimi dövlətlərin də fərqli mövqelər ifadə etməsi göstərir ki, Qərb bloku daxilində strateji prioritetlər tamamilə üst-üstə düşmür. Bu kontekstdə Trampın sərt ritorikası fərqli mövqeləri “sədaqətsizlik” kimi təqdim edərək siyasi təzyiq aləti rolunu oynaya bilər, lakin bu yanaşma uzunmüddətli perspektivdə müttəfiqlər arasında diplomatik gərginlik yaradacaq”.


 


Ekspertin fikrincə, əgər ABŞ siyasi rəhbərliyi müttəfiqlərin fərqli mövqelərini açıq şəkildə tənqid etməkdə və ya qəbuledilməz olaraq qiymətləndirməkdə davam edərsə, bu, alyans daxilində qərarvermə proseslərini çətinləşdirəcək:


 


“Xüsusilə İran kimi həssas bir mövzuda Avropa ölkələri ilə ABŞ arasında yanaşma fərqləri isə artıq mövcuddur. ABŞ daha çox təhlükəsizlik və çəkindirmə yanaşmasına üstünlük verdiyi halda, bəzi Avropa dövlətləri diplomatik həll yollarını prioritet hesab edir. Bu fərqlərin kəskin ritorika ilə qabardılması NATO-nun vahid strategiya formalaşdırmaq imkanlarını zəiflədir. Eyni zamanda, belə bəyanatlar ictimai diplomatiya baxımından da risklidir. Avropa ictimai rəyində ABŞ-nin müttəfiqlərə münasibəti ilə bağlı skeptisizm yarana bilər ki, bu da siyasi liderlərin daxili təzyiqlərini artırar və transatlantik koordinasiyanı daha da çətinləşdirər.


 


Odur ki, əgər bu tip bəyanatlar sistematik xarakter alarsa, NATO daxilində daha çox mövqe fərqlərinin açıq şəkildə üzə çıxması və koordinasiya mexanizmlərinin çətinləşməsi ehtimalı artır. Bu isə xüsusilə İran kimi yüksək riskli böhran ssenarilərində Qərb bloku daxilində strateji reaksiyanın daha yavaş və mürəkkəb olmasına gətirib çıxaracaq”.


 


Bəsti Rəfizadə


Sfera.az