ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı siyasətdə yeni mərhələyə keçid etdiklərinin anonsunu verib. O, Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə Vaşinqtonun Tehrana qarşı “müharibənin maliyyə ekvivalenti”nə doğru irəlilədiyini bildirib. Bu yanaşma hərbi qarşıdurmadan daha çox iqtisadi təzyiq alətlərinin ön plana çıxarıldığını göstərir və artıq beynəlxalq müstəvidə geniş müzakirələrə səbəb olub.




Maraqlıdır, Skott Bessentin “maliyyə ekvivalenti” ifadəsi konkret olaraq hansı iqtisadi alətləri nəzərdə tutur? ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalar real müharibə qədər təsirli ola bilərmi və bu vəziyyət qlobal enerji bazarına necə təsir göstərə bilər?




Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə görə, Skott Bessent tərəfindən işlədilən “maliyyə ekvivalenti” ifadəsi birbaşa hərbi müdaxilə yox, iqtisadi təzyiq vasitələri ilə eyni səviyyədə təsir yaratmaq cəhdini nəzərdə tutur:


 


“Bu, əsasən sanksiyalar, maliyyə sistemindən təcrid, bank əməliyyatlarının məhdudlaşdırılması, aktivlərin dondurulması və neft ixracına qarşı tədbirlər kimi alətləri əhatə edir. Amerika Birləşmiş Ştatları belə hallarda həm dövlət qurumlarını, həm də İranla işləyən xarici şirkət və bankları hədəfə alır ki, bu da təsirin coğrafiyasını genişləndirir”.


 




Müsahibimiz qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq etdiyi sanksiyalar bəzi hallarda real müharibə qədər olmasa da, iqtisadi baxımdan çox ciddi nəticələr doğura bilir:


 


“İranın neft gəlirlərinin azalması, valyutasının dəyər itirməsi, inflyasiyanın yüksəlməsi və investisiya axınının dayanması kimi təsirlər artıq əvvəlki illərdə də müşahidə olunub. Bu, ölkə daxilində sosial-iqtisadi təzyiq yaradır, amma hərbi müharibədən fərqli olaraq fiziki dağıntı və birbaşa insan itkisi olmur. Qlobal enerji bazarına təsir məsələsində isə əsas risk İran neftinin bazardan çıxması və ya azalmasıdır. İran dünya neft bazarında önəmli satıcılardan biridir, ona görə də sanksiyalar sərtləşərsə, təklif azalır və qiymətlər üzərində təzyiq artır. Bu, xüsusilə enerji idxal edən ölkələr üçün xərclərin artması deməkdir. Eyni zamanda bazarda qeyri-müəyyənlik artır, bu da qiymətlərin daha dalğalı olmasına səbəb olur. Ümumiyyətlə, “maliyyə müharibəsi” real müharibədən fərqli olsa da, iqtisadi və sosial baxımdan kifayət qədər güclü təsir alətidir və uzun müddətdə həm hədəf ölkəyə, həm də qlobal bazarlara ciddi təsir göstərə bilir”.


 


Niyaz Hacıyev

Sfera.az