Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb. Məlumata əsasən, bu ilin birinci rübündə Azərbaycan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə 960 min ABŞ dolları təşkil edib. Bəs, Ermənistandan Azərbayacana hansı məhsullar idxal olunur?
Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı Elman Sadıqovun sözlərinə əsasən, Azərbaycandan ixrac olunan məhsulların kateqoriyasının siyahısı olduğu halda, Ermənistandan idxal olunan məhsulların adının hələ rəsmi açıqlanmayıb:
“Azərbaycandan ixrac olunacaq məhsulların kateqoriyaları bəllidir: neft, yanacaq, digər neft məhsulları, eləcə də gübrə və karbamid kimi məhsullar. Məsələ ölkədə istehsal və ya hasil olunan məhsullardan gedir və bu, tam aydın mənzərə yaradır. Lakin Azərbaycan bazarı üçün müəyyən narahatlıq doğuran məqam da mövcuddur. Məsələ ondadır ki, Ermənistanda elə bir təbii resurs yoxdur ki, Azərbaycanda olmasın. Bu səbəbdən Ermənistan Azərbaycana xüsusi təbii resurs və ya həmin resurslardan əldə olunan məhsullar ixrac etməyəcək. Əksinə, Ermənistanın ixrac edəcəyi məhsullar əsasən özündə istehsal olunan məhsullar olacaq. Bu isə o deməkdir ki, Ermənistandan Azərbaycana idxal ediləcək məhsulların böyük hissəsi əslində ölkə daxilində də istehsal oluna bilən məhsullardır. Məsələn, emal olunmuş kənd təsərrüfatı məhsulları, müxtəlif aqrar məhsullar, hətta diri mal-qara kimi məhsullar bu qəbildəndir. Belə məhsulların idxalı isə Azərbaycan bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər”.
İqtisadçı Ermənistandan idxal olunan bəzi məhsulların bazarda rəqabət yaradacağını vurğulayıb:
“Söhbət ilk növbədə daxili istehsalın rəqabət qabiliyyətindən gedir. Açıq desək, bəzi hallarda yerli məhsullar rəqabətə davam gətirməyə bilər. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın spirtli içkiləri, konyak, çaxır və digər məhsullar həm sovet dövründə, həm də hazırda müəyyən keyfiyyət göstəriciləri ilə seçilir. Bu da bazarda əlavə rəqabət mühiti formalaşdırır. Ümumiyyətlə, Ermənistanda istehsal olunaraq Azərbaycana idxal edilən hər hansı məhsul, əgər ölkə daxilində də istehsal olunursa, bu, yerli məhsullar üçün birbaşa rəqabət deməkdir. Burada qiymət amili də mühüm rol oynayır. Məhsullar bazara daxil olduqdan sonra onların qiymət siyasəti də rəqabətin istiqamətini müəyyən edəcək əsas faktorlardan biri olacaq. Bununla belə, idxalın özü təbii iqtisadi prosesdir və ticarətin ayrılmaz hissəsidir. Əgər regionda daha geniş əməkdaşlıq, o cümlədən “Qafqaz evi” kimi yanaşmalar çərçivəsində dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi hədəflənirsə, iqtisadi əlaqələrin genişlənməsi də labüddür.
Sülh və rifah şəraitində yaşamaq üçün bu cür iqtisadi münasibətlərin inkişafı vacib hesab olunur. Digər tərəfdən, iqtisadi baxımdan əsas məsələ ondan ibarətdir ki, Azərbaycan istehsalçıları rəqabət qabiliyyətini qoruyub saxlamalıdır. Yerli məhsullar idxal olunan məhsullarla rəqabət apara bilməli və bazarda mövqelərini itirməməlidir. Ticarət münasibətləri isə hər zaman mövcuddur və bu, qlobal praktikada da müşahidə olunur. Məsələn, İtaliya özü şərab istehsal etməsinə baxmayaraq, Fransadan və İspaniyadan da şərab idxal edir. Bu, istehlakçı seçimləri və zövqlərlə bağlıdır. Eyni yanaşma Azərbaycanda da mümkündür. İstehlakçılar fərqli ölkələrdən olan məhsullara maraq göstərə bilərlər. Kimi erməni konyakını, kimi gürcü çaxırını, kimi isə başqa məhsulları seçə bilər. Bu, bazarda müxtəlifliyin yaranmasına xidmət edir. Hətta bəzi məhsullar var ki, ölkə daxilində istehsalı zəifdir və idxal daha keyfiyyətli alternativ təqdim edə bilər. Lakin məsələ kütləvi idxal səviyyəsinə çatdıqda fərqli məzmun kəsb edir. Əgər idxalın həcmi sürətlə artarsa və Azərbaycan bazarında erməni məhsullarının üstünlüyü yaranarsa, bu artıq daxili istehsal üçün ciddi təhdidə çevrilə bilər. Belə bir vəziyyət həm istehsal sektoruna, həm də ümumi iqtisadi tarazlığa mənfi təsir göstərə bilər.
Gələcəkdə sərhədlərin açılması halında xidmət balansı, xüsusilə turizm sahəsində fərqli mənzərə yarana bilər. Azərbaycanın əhalisi daha çox olduğu üçün Ermənistana səfər edənlərin sayının daha yüksək olması gözlənilir. Bu isə Ermənistanın turizm sektorunun inkişafına, iqtisadiyyatının güclənməsinə və xidmət sahələrinin genişlənməsinə təkan verə bilər. Eyni zamanda, Ermənistandan Azərbaycana gələnlərin sayı bu səviyyədə olmayacaq. Bu səbəbdən xidmət balansının Ermənistanın xeyrinə olacağı ehtimal edilir, lakin ticarət balansı yenə də Azərbaycanın üstünlüyü ilə seçiləcək. Nəticə etibarilə, müxtəlif çeşidli məhsulların Azərbaycan bazarına idxalı özü-özlüyündə problem hesab olunmur və bu, beynəlxalq ticarət praktikasında geniş yayılmış haldır. Lakin idxalın kütləvi xarakter alması və yerli məhsulların rəqabət qabiliyyətini itirməsi halında bu, ciddi iqtisadi risklər yarada bilər ".
E.Sadıqov ümumi ticarət balansında Azərbaycanın üstün mövqedə olacağını, lakin Ermənistanın Azərbaycana ixrac etdiyi, ancaq ölkə daxilində də istehsal oluna bilən məhsulların səbəblərinin araşdırılmalı və bu istiqamətdə effektiv iqtisadi qərarların qəbul edilməli olduğunu qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az