İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail şiə təşkilatı "Hizbullah"a qarşı hərbi əməliyyatlar aparmağa davam edir. Baş nazirin sözlərinə görə, İsrail Livanda “güc vasitəsilə sülh” axtarır.
Benyamin Netanyahunun “güc vasitəsilə sülh” yanaşması regionda uzunmüddətli sabitlik vəd edir, yoxsa əksinə gərginliyi daha da artırır?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, Netanyahu hökumətinin xüsusilə ABŞ-İran arasında əldə olunan atəşkəsdən sonra Livana hücumlarını gücləndirməsi təsadüfi deyil.
Onun fikrincə, Mossadın yanlış hesablaması və Netanyahunun təzyiqi ilə İrana hücum ABŞ-nin maraqlarına ciddi zərbə vurdu:
“Artıq ABŞ hökuməti daxilində Netanyahuya qarşı mənfi münasibət formalaşması haqqında ABŞ mətbuatında məlumatlar yer alır. Xüsusilə onun şantaj xarakterli təzyiq cəhdləri və ABŞ-nin maraqlarını heçə sayması "öncə Amerika" tərəfdarları (MAGA) narazı salır. Nəticədə həm İsrail hökumətinə, həm də Trampa qarşı əks mövqedə olanların narazılığı güclənir. Hesab edirəm ki, bu səbəbdən də İsrail ABŞ-İran danışıqlarından ciddi narahatlıq keçirsə də, ümumilikdə prosesi birbaşa sabotaj etməyə ehtiyatlı yanaşır.
Amma İsrail daxilində də hökumətin taleyi baxımından vəziyyət ürəkaçan deyil. İrana qarşı müharibədə nəticə əldə olunmaması, əksinə İsrailin strateji maraqlarına zərbə vurması fikrini müdafiə edənlər çoxdur. Halbuki hökumət Qəzza əməliyyatlarının əks təsirləri ilə bağlı ciddi ictimai təzyiqlə üz-üzədir. Qəzza prosesi də İsrailin genişlənmə siyasətinin tərkib hissəsi olmaqla yanaşı, həm də korrupsiya ittihamları ilə üz-üzə qalan Netanyahunun siyasi ömrünün uzadılmasına hesablanıb. İranla bağlı da bu motivlər var. Amma göründüyü kimi, Netanyahunun bölgədə fəlakətli proseslərə yol açan addımları gözləntiləri doğrultmayıb, əksinə Təl-Əvivi daha dərin bataqlığa sürükləyib. Bütün dünyada az qala təcrid vəziyyətinə düşən İsrail ciddi problemlərlə üz-üzə qalıb. Bu isə hökumət üçün mənfi sonluq deməkdir”.
Əli Zülfüqaroğlu əlavə edib ki, buna görə də, Netanyahu Livana hücumlarını genişləndirməklə uğur qazanmaq və onu gözləyən ittihamlarla bağlı tutarlı arqumentlər əldə etməyə çalışır:
“Bu da Hizbullah üzərində qələbə və Livan ərazilərinin işğalıdır. Bunun üçün öncə Livan hakimiyyətində parçalanma olmalıdır. Ona görə də, Netanyahunun Livan prezidenti ilə danışıqlarının məqsədi sülh deyil. Məlumdur ki, Hizbullahın razılığı olmadan Livanla-İsrail arasında heç bir halda razılaşma mümkün olmayacaq. Çünki hökumətdə və parlamentdə yer sahibi olan Hizbullah hökumətə həlledici təsir göstərə bilir. Yüz mindən artıq raket ehtiyatına və orduya sahib olan Hizbullahın Livanın xristian hökuməti vasitəsilə silahsızlaşdırılma ssenarisi utopiyadır. İsrail də bunu çox yaxşı bilir və burada məqsəd Livanın xristian siyasi strukturları vasitəsilə bölünmənin əsasını qoymaq və ərazi işğalına nail olmaqdır. Netanyahu hökuməti bununla da onu gözləyən təhlükədən sığortalanmaq və özünümüdafiə üçün “ərazi arqumentlər”i əldə etməyə çalışır. Bu isə çox çətindir. Çünki partizan döyüş imkanlarına və tunellərə sahib olan Hizbullahın müqavimətini qısa zaman kəsiyində qırmaq çox çətin olacaq. Ümumilikdə onu demək olar ki, Qəzza və İran uğursuzluğundan sonra Livanda nəticə əldə etmək istəyinin reallaşması çətin görünür”.
Niyaz Hacıyev
Sfera.az