İspaniyanın "El Pais" qəzetində dərc edilən məqaləyə əsasən, Avropa Komissiyası (AK) İran münaqişəsindən qaynaqlanan enerji böhranının təsirini azaltmaq üçün bir sıra tədbirləri araşdırır.


 


Bildirilir ki, Brüssel tərəfindən hazırlanan təşəbbüsə əsasən, həftədə ən azı bir gün məsafədən işləməyə icazə verilir və ictimai nəqliyyatda gediş haqqının azaldılması da bura daxildir. Nəşrin məlumatına görə, ABŞ və İsrail tərəfindən başlayan münaqişə avropalılara artıq 22 milyard avrodan çox əlavə yanacaq xərclərinə başa gəlib. Nəşr qeyd edir ki, AK-nin tədbirlərinə mümkün olan yerlərdə ictimai binaların bağlanması da daxildir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin gələn həftə təkliflərini Aİ üzv dövlətlərinin liderlərinə təqdim etməsi gözlənilir.


 


Avropa Komissiyası tərəfindən irəli sürülən məsafədən iş və nəqliyyat güzəştləri kimi tədbirlər enerji xərclərinin azalmasına nə dərəcədə təsir göstərə bilər?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov bildirib ki, bu tədbirlər sırasında məsafədən iş rejiminin təşviqi, ictimai nəqliyyatda güzəştlər və ictimai binaların istifadəsinin məhdudlaşdırılması kimi addımlar yer alır:


 



 


“Məsələyə beynəlxalq idarəetmə və risklərin optimallaşdırılması prizmasından yanaşdıqda aydın olur ki, bu tədbirlər əsasən enerji tələbinin idarə olunmasına hesablanıb. Yəni burada məqsəd enerji təklifini artırmaq deyil, mövcud resurslardan daha səmərəli istifadəni təmin etməkdir. Həftədə ən azı bir gün məsafədən iş rejiminin tətbiqi nəqliyyat sektorunda yanacaq istehlakının azalmasına gətirib çıxara bilər. Bu, xüsusilə iri şəhərlərdə fərdi avtomobil istifadəsinin azalması fonunda ümumi enerji tələbinə müəyyən qədər təsir edir. Eyni zamanda, ictimai nəqliyyatda gediş haqqının aşağı salınması vətəndaşların alternativ nəqliyyat vasitələrinə keçidini stimullaşdıraraq əlavə qənaət effekti yaradır. Digər tərəfdən, ictimai binaların qismən bağlanması və ya istifadəsinin məhdudlaşdırılması daha birbaşa enerji qənaəti tədbiri kimi qiymətləndirilə bilər. Bu yanaşma dövlət sektorunda enerji istehlakının optimallaşdırılmasına xidmət edir”.


 


İqtisadçı vurğulayıb ki, bu addımların təsiri daha çox qısamüddətli və yumşaldıcı xarakter daşıyır:


 


“Nəşrin istinad etdiyi məlumatlara görə, münaqişə nəticəsində Avropa ölkələrinin üzləşdiyi əlavə enerji xərcləri artıq on milyardlarla avro ilə ölçülür. Bu miqyasda yük fonunda sadalanan tədbirlər enerji böhranını struktur şəkildə aradan qaldırmaq gücündə deyil. Bu kontekstdə Ursula von der Leyen tərəfindən təqdim olunacaq təşəbbüslər daha çox operativ idarəetmə alətləri kimi qiymətləndirilməlidir. Onlar bazardakı təzyiqi qismən azalda, sosial təsirləri yumşalda bilər, lakin problemin əsas səbəblərini – geosiyasi riskləri və enerji təchizatındakı qeyri-müəyyənliyi aradan qaldırmır. Nəticə etibarilə, Avropa üçün əsas prioritet yalnız qənaət tədbirləri deyil, eyni zamanda enerji mənbələrinin şaxələndirilməsi, bərpa olunan enerji investisiyalarının sürətləndirilməsi və uzunmüddətli enerji təhlükəsizliyi strategiyasının gücləndirilməsi olmalıdır. Mövcud təşəbbüslər isə bu strateji xəttin yalnız tamamlayıcı elementi kimi çıxış edir”.


 


Fidan Hacızadə


Sfera.az