İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib. İran danışıqların ikinci mərhələsində iştirak etməməsini Vaşinqtonun həddindən artıq çox tələb irəli sürməsi, qeyri-real gözləntiləri, mövqelərdəki daimi dəyişikliklər, təkrarlanan ziddiyyətlər və dəniz blokadası ilə əlaqələndirib.
Bəs İranın danışıqlarından imtina etməsi atəşkəsi riskə arta bilərmi?
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, İranın ABŞ ilə danışıqların ikinci mərhələsindən imtina etməsi gərginliyi artırsa da bu hələ ki, eskalasiyanın qaçılmaz olması demək deyil:
“Amma danışıqlardan imtina etmək riskləri ciddi şəkildə artırmaq potensialına malikdir. Çünki diplomatik kanalın bağlanması hərbi və yarı-hərbi vasitələrin daha geniş istifadə olunmasına şərait yaradır. Tərəflərin 40 günlük münaqişədən sonra atəşkəs mərhələsinə keçmələri və bu və ya digər şəkildə atəşkəsi qorumaqları isə onu göstərir ki, tərəflər gərginliyi idarəetməkdə maraqlıdırlar. İranın danışıqlardan imtinası Vaşinqtonda iki fərqli yanaşmanı doğura bilər. Birinci yanaşma budur ki, bu, İranın kompromisə hazır olmadığını göstərir və buna görə də təzyiq strategiyası davam etməlidir. İkinci yanaşma isə budur ki, danışıqların tam çökməsi yeni eskalasiya riskini artırır və bu səbəbdən məhdudlaşdırıcı, amma daha hesablanmış addımlar atılmalıdır. ABŞ siyasətində bu iki xətt adətən paralel gedir və nəticədə qarışıq görünə bilən mənzərə yaranır”.
Ekspertin fikrincə, ABŞ kimi böyük güclər adətən emosional deyil, strateji reaksiya verir, yəni danışıqların dayanması qəzəbdən çox, təzyiqin artırılması ilə nəticələnir:
“Bu, dəniz əməliyyatlarının daha da sərtləşdirilməsi və ya hər hansı digər bir addım formasında ola bilər. Lakin burada çox vacib olan balans faktorunu da nəzərə almaq lazımdır. Tammiqyaslı yeni müharibə hər iki tərəf üçün yüksək risklidir. İran üçün iqtisadi və daxili sabitlik baxımından, ABŞ üçün isə regional və qlobal enerji təhlükəsizliyi baxımından ciddi nəticələr doğura bilər. Xüsusilə Hörmüz boğazı kimi strateji nöqtələrdə gərginliyin artması qlobal neft bazarını birbaşa təsirləndirdiyi üçün, üçüncü aktorlar da prosesə təsir göstərməyə çalışırlar. Hörmüz boğazı burada yenə əsas geosiyasi “təzyiq nöqtəsi” rolunu oynayır. Düşünürəm ki, diplomatik kanallar rəsmi olaraq hər nə qədər zəifləsə də, dolayı təmaslar və kölgədə danışılqar tam bağlanmayacaq. Vasitəçi ölkələrin də təşəbbüsləri nzərə alınmaqla atəşkəsin müddətinin uzadılması və bu fonda danışıqlar üçün yeni imkanların yaradılması ehtimalı var”.
Bəsti Rəfizadə
Sfera.az