Geyim sadəcə bədəni örtən adi parça deyil. O, insanın daxili dünyasının, zövqünün və həyat tərzinin ən açıq ifadə şəklidir. Müasir dəb dünyasında isə bu anlayış daha da dərinləşib və artıq geyim bir mənəvi kimlik göstəricisinə çevrilib. İnsanları daim geyim, moda ilə bağlı bir sıra məqamlar maraqlandırır. Məsələn, “geyim insanın daxili dünyasını nə dərəcə əks etdirir?” və ya “eleqantlıq nədir?” və s. Məhz bu kimi suallara cavab tapmaq üçün Azərbaycanın moda dünyasında özünəməxsus dəst-xətti, cəsarətli obrazları və dahi sənətkarlarla olan sıx əməkdaşlığı ilə tanınan modelyer Leyla Əhmədova ilə həmsöhbət olduq.
Sfera.az Azərbaycanın ilk modelyeri Leyla Əhmədova ilə cəmiyyətin geyimə olan baxışına, trendlərdən ulduzlarla iş təcrübəsinə qədər bir çox mövzuda apardığı müsahibəni təqdim edir:
“Geyim insanın daxili dünyasının aynasıdır”
- Belə bir deyim var ki, geyim insanın “vizit kartıdır”. Bu fikirlə razısınızmı? Həqiqətən, geyim insanın xarakterini nə dərəcədə əks etdirir?
- Bəli, bu fikirlə çox razıyam. Hətta deyərdim ki, geyim sadəcə "vizit kartı" deyil, insanın daxili dünyasının çölə vuran aynasıdır. Geyim insanın xarakterini, onun stilini və obrazını tam mənası ilə ortaya qoyur. Elə insanlar var ki, illər keçsə də, öz seçimlərinə sadiq qalırlar və geyimləri ilə bir brendə çevrilirlər. Onları görməsəniz belə, uzaqdan geyim tərzini görən kimi tanıyırsınız ki, bu, həmin insandır. Mənim özümdə də belədir. İnsanlar məni geyimimlə, yaratdığım o fərqli obrazlarla tanıyır və qəbul edirlər. Geyim bir növ bizim kimliyimizdir, özümüzü dünyaya təqdim etmə formamızdır. Ona görə də hər bir detal, seçilən hər bir parça bizim xarakterimizin bir parçasını daşıyır.
- Sizcə, həqiqi eleqantlıq nədir?
- Həqiqi eleqantlıq səliqəli geyinməkdir. İnsan gərək geyindiyi libasın içində təmiz və baxımlı görünsün. Amma ən vacib məqam odur ki, insan hər geyimi öz məkanına uyğun seçsin. Yəni, toy geyimini gündəlik həyata, gündəlik geyimi isə rəsmi bir yerə daşımamaq eleqantlığın ən böyük şərtidir. Bundan başqa, bir qadın və ya bəy öz bədən quruluşunu çox yaxşı tanımalıdır. Sənə yaraşmayan, bədənində qüsurlu duran bir parça nə qədər dəbdə olsa da, səni eleqant göstərməyəcək. Həqiqi eleqantlıq sənin bədən ölçülərinlə geyimin tam harmoniyada olmasıdır. İnsan gərək geyimi elə daşısın ki, geyim sadəcə onun gözəlliyini tamamlasın.
“Kiçik büdcə ilə hər kəs eleqant görünə bilər”
- Çox vaxt bahalı geyinmək zövqlü geyinmək deyil. Kiçik büdcə ilə necə eleqant görünmək olar?
- Buna yüz faiz əmin ola bilərsiniz ki, kiçik bir büdcə ilə də möhtəşəm və eleqant görünmək tamamilə mümkündür. Bilirsiniz, eleqantlıq pulla alınan bir şey deyil, o daxildən gələn bir duyğudur. Çox vaxt görürük ki, insan başdan-ayağa ən bahalı brendləri geyinir, amma o bahalı geyimlər çox zövqsüz görünür. Burada əsas məsələ insanın öz zövqüdür. Mütləq deyil ki, üstünüzdəki hər şey lüks brend olsun. Hətta orta seqment, yaxud çox sadə mağazalardan alınan geyimləri elə düzgün kombinləmək (obraz yaratmaq - red.) olar ki, kənardan çox bahalı bir görüntü yaransın. Əsas odur ki, rənglərin uyğunluğunu tutmalısınız, parçanın keyfiyyətinə diqqət etməlisiniz və ən əsası, o geyimi özünüzə yaraşdırmalısınız. Zövqlü insan ən sadə ağ köynəklə belə hər kəsi özünə heyran qoya bilər. Bir sözlə, eleqantlıq cibinizdəki pulla yox, insanın baxış bucağı və estetik duyumu ilə ölçülür.
- Bəs, həm qadınların, həm də kişilərin geyimdə ən çox yol verdiyi stil səhvləri sizcə hansıdır?
- Məncə, ən böyük və ən çox rast gəlinən səhv dəbin arxasınca kor-koranə qaçmaqdır. Bir çox insan elə düşünür ki, əgər vitrindəki ən son model geyimi alıb geyinibsə, deməli, artıq çox zövqlüdür. Amma moda dünyası çox sürətlə dəyişir, hər il, hər mövsüm yeni-yeni trendlər, fərqli yeniliklər ortaya çıxır. Burada ən vacib məqam insanın öz bədən quruluşunu tanımamasıdır. Hər bir insan gərək o ilin modasını öz fiziologiyasına, öz bədəninə görə uyğunlaşdırsın. Çünki hər dəb olan geyim, hər yeni kəsim o demək deyil ki, sənə doğrudan da yaraşır. Xanım olsun, bəy olsun, gərək geyimi elə seçsin ki, o geyim onun bədənindəki qüsurları örtsün, üstünlükləri isə ön plana çıxarsın. “Bu dəbdədir” deyə sənə yaraşmayan bir geyimi geyinmək, zövqlü görünmək deyil, sadəcə stil xətasıdır.
“Bu yay parlaq rənglər və sərbəstlik dəbdədir”
- Qarşıdan yay gəlir, 2026-cı ilin yay fəslinin əsas rəngləri və geyim tərzləri hansıdır?
- Bu yayın rəng palitrası həqiqətən çox zəngin və enerjilidir. 2026-cı ilin yayında biz daha çox təbiətin və canlılığın enerjisini hiss edəcəyik. Əsas rənglərə gəlsək, narıncı, al-qırmızı, yaşılın hər bir çaları və təbii ki, göy rəng bu mövsümün əsl trendidir. Eyni zamanda, pastel tonları, pudra çəhrayısı və əvəzolunmaz ağ-qara ikilisi bu yay da öz üstünlüyünü qoruyub saxlayır.
Parçalar mövzusuna xüsusi toxunmaq istəyirəm. Mənim hər zaman xüsusi önəm verdiyim məqam təbii parçalardır. Xanımlarımıza bu yay bol-bol ipək və kətan parçalardan istifadə etməyi məsləhət görürəm. Bəylərimiz üçün də kətan köynək və şalvarlar həm rahatlıq, həm də stil baxımından əvəzsizdir. Ümumiyyətlə, sintetik parçalardan uzaq durmağınızı tövsiyə edirəm. Onlar həm bədənə nəfəs aldırmır, həm də ciddi sağlamlıq problemlərinə, allergik reaksiyalara səbəb ola bilir. Pambıq və digər təbii lifli parçalar hər zaman həm sağlamlığınızın, həm də gözəlliyinizin dostudur. Formalara gəlsək, bu ilin ən bariz yeniliyi həcmli detallardır. Xüsusilə çiyinləri daha iri və dik göstərən kəsimlər, qollardakı qabarıq modellər bu yayın əsas formalarıdır. Amma idman geyimində də çox maraqlı mənzərə var. İndi artıq sərhədlər itib, həm idman, həm də klassik tərzləri bir arada kombinləmək çox populyardır. Ümumiyyətlə, hazırda dəbdə sərbəstlik və özünü rahat ifadə etmək daha çox ön plandadır. Xanımlar üçün isə bir yeniliyi də deyim ki, bu yay daha qısa ətəklər və “mini” kəsimlər yenidən öz mövqeyini bərpa edir.
- Hər bir qadının və kişinin qarderobunda mütləq olmalı olan 3 əsas geyim parçası hansıdır?
- Bilirsiniz, mən konkret geyim adlarından daha çox, o geyimin keyfiyyətinə önəm verirəm. Amma mütləq bir siyahı tərtib etməli olsaq, birinci və ən vacib qaydam budur ki, hər nə olur olsun, o geyim təbii parçadan olmalıdır. Çünki geyimin duruşunu da, onun dəyərini də göstərən məhz parçanın keyfiyyətidir. Təbii parça insanın həm cildinə, həm də ruhuna xidmət edir. Sintetikadan uzaq durub təbii ipək, pambıq və ya kətana üstünlük versəniz, geyiminiz hər zaman daha bahalı və zövqlü görünəcək.
“Qadınlar üçün gözəl görünmək rahatlıqdan da önəmlidir”
- Bu gün dəbdə olan bəzi geyimlər (məsələn, çox dik dabanlar və ya sıx korsetlər) rahatlıqdan uzaqdır. Sizcə, estetik görünüş üçün rahatlıqdan imtina etmək nə dərəcədə doğrudur? Ümumiyyətlə rahatlıq önəmlidir, yoxsa estetik görünüş?
- Bu həmişə müzakirə olunan bir mövzudur. Əlbəttə ki, gündəlik həyatın qaçhaqaçında, işdə, adi gəzintidə rahatlıq hər şeydən önəmlidir. İnsan özünü geyimin içində rahat hiss etməsə, özünəinamı da aşağı olar. Amma məsələ xanımlardan və xüsusi tədbirlərdən gedirsə, mən deyərdim ki, gözəl görünmək bir addım öndədir. Biz xanımlar üçün estetik görünüş bəzən hər cür rahatlıqdan üstündür. Gözəllik bir az da fədakarlıq tələb edir. Məsələn, mən hesab edirəm ki, hər bir xanımın qarderobunda mütləq korset olmalıdır. Korset sadəcə bir detal deyil, o, bədəni yığır, duruşu dikləşdirir, qaməti daha incə və zərif göstərir. Mən korseti geyimin vacib bir aksesuarı kimi görürəm. Bəli, bəlkə gün boyu onu daşımaq bir az çətindir, amma yaratdığı o estetik görüntü, verdiyi o cəsarətli duruş bütün çətinliyə dəyər. Gündəlikdə rahatlığınızı seçin, amma özünüzü ən gözəl hiss etmək istədiyiniz məqamlarda estetikanı ön plana çıxarmaqdan qorxmayın. Xanım gərək hər zaman baxımlı və qamətli görünsün.
- Vacib bir görüşə və ya iş müsahibəsinə gedən insan geyimi ilə qarşı tərəfdə necə güclü təsir yarada bilər?
- Geyim elə bir gücə malikdir ki, siz hələ bir kəlmə belə danışmadan qarşı tərəfdə özünüzə qarşı həm böyük bir maraq və rəğbət oyada bilərsiniz, həm də əksinə. Çox gözəl bir atalar sözümüz var: “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”. Bu söz əbəs yerə deyilməyib. Siz iş müsahibəsinə və ya önəmli bir görüşə gedirsinizsə, geyiminiz sizin həmin işə, həmin insana verdiyiniz dəyərin göstəricisidir. Səliqəli, yerinə və məqamına uyğun seçilmiş geyim qarşı tərəfə mesaj verir ki, “mən məsuliyyətli biriyəm və bu görüşə ciddi yanaşıram”. Güclü təsir yaratmaq üçün çox bahalı geyinmək şərt deyil, əsas odur ki, geyiminiz sizin peşəkarlığınızı tamamlasın, sizi kölgədə qoymasın. İlk təəssüratın saniyələr içində yarandığını nəzərə alsaq, geyim həmin qapını açan ən vacib açardır.
“Azərbaycan xanımları məkana uyğun geyim seçməkdə çətinlik çəkirlər”
- Siz müsahibələrinizin birində bəylərin geyim tərzini xanımlardan daha üstün tutduğunuzu və qadınların çox zaman məkana uyğun seçim edə bilmədiklərini qeyd etmisiniz. Türkiyəli müğənni Hadise də bu yaxınlarda Bakıda verdiyi konserti zamanı azərbaycanlı qadınların çox baxımlı olduğunu, lakin makiyajda tünd və ağır rənglərə üstünlük verdiklərini deyib. Sizin bu fikirlərlə bağlı mövqeyiniz necədir? Həqiqətən Azərbaycan xanımları məkana uyğun geyinə bilmir?
- Mən hər zaman deyirəm ki, Azərbaycan insanı, həm kişisi, həm qadını dünyanın ən müasir, ən zövqlü insanları sırasındadır. Gözəllikdən danışırıqsa, həqiqətən ən gözəllər sırasındayıq, intellektə gəldikdə isə hər zaman üstün tərəflərimizlə seçilirik. Amma bəli, bəylərimiz son zamanlar məni çox şad edir. Keçmişdə kişilər daha ağır və bəlkə də bir qədər monoton geyinirdilər. Bu gün isə bəylərin kostyum seçimindən tutmuş, aksesuarlarına, xırda detallarına qədər necə böyük önəm verdiklərini görürəm. Bu, çox sevindirici haldır. Xanımlarımıza gəldikdə isə, bəli, məkana uyğun geyim seçmək mövzusunda bəzən “estetik xətalar” edirlər. Amma gəlin buna bir az fərqli tərəfdən baxaq: Azərbaycanın torpağı o qədər zəngindir, tariximiz o qədər rəngarəngdir ki, o daxili zənginlik, o enerji istər-istəməz bizim xarici görünüşümüzə də sirayət edir. Biz Şərq qadınıyıq, baxımlı olmağı, diqqət mərkəzində qalmağı sevirik. Hadisənin və ya başqalarının dediyi o “ağır makiyaj” və ya “abartılı” geyim əslində bizim parlaqlığımızdan irəli gəlir. Kim paxıllıq edir etsin, biz parıldamağı, “mən buradayam” deməyi sevirik. Tək Türkiyə deyil, ərəb ölkələrindən gələn xanımlar da məni görəndə hər dəfə qeyd edirlər ki, Azərbaycan qadınları çox zövqlüdür. Bəli, bəlkə bir az mübaliğəli geyinirik, amma bu bizim xarakterimizdir. Məsələn, ərəblərdə də, türklərdə də o şişirdilmiş tərz var, amma zahiri gözəllik baxımından bizim qadınlarımız onlardan qat-qat üstündür. Bizim xanımlarımızın təbii bir cazibəsi var və o parlaq geyimlər, makiyajlar sadəcə bu gözəlliyi daha da qabartmaq istəyindən yaranır. Stereotiplərə gəldikdə isə, mən düşünmürəm ki, biz kiməsə bənzəməyə çalışmalıyıq. Biz öz rəngimizlə, öz zənginliyimizlə gözəlik.
“Yaşlıların yanında açıq-saçıq geyinmək düzgün deyil”
- Cəmiyyətdə xüsusilə qadınların və qızların geyiminə (qısa ətək, fərqli kəsimlər, parlaq rənglər) qarşı olan aqressiyanın kökündə nə dayanır? Sizcə, cəmiyyət geyimi hələ də əxlaq göstəricisi kimi qiymətləndirir? Ümumiyyətlə bu fikir doğrudurmu: “Geyim əxlaq göstəricisidir”?
- İlk növbədə onu deyim ki, əxlaq geyimlə deyil, ağılla, tərbiyə ilə və davranışla ölçülür. Amma geyimin cəmiyyətdə əxlaq tərəzisi kimi qəbul edilməsinin də müəyyən səbəbləri var. Sözsüz ki, hər bir gənc öz əxlaqına, mənəviyyatına önəm verməlidir. Amma gəlin məkana görə geyim mədəniyyətinə baxaq.
Məsələn, gənc xanımlarımız gecə əyləncəsinə gedəndə qısa ətəklər, fərqli kəsimli paltarlar geyinirsə, bu, çox normaldır. Onlar cavandır, əylənmək və fərqli görünmək istəyirlər. Lakin əsas problem o zaman yaranır ki, həmin o gecə geyimini səhəri gün işə və ya ağsaqqal, ağbirçək, yaşlıların olduğu ciddi bir mühitə, toya geyinirlər. Onlara və mühitə hörmət olaraq həddindən artıq açıq-saçıq, cəlbedici paltarlar geyinilməsini mən də düzgün hesab etmirəm. Bax, bu zaman ətrafdakı insanlarda ikrah hissi oyanır. Bu da cəmiyyətdə “geyim əxlaq göstəricisidir” kimi ifadələrin yaranmasına səbəb olur. Gənclər öz aralarında sərbəst ola bilərlər. Mən istərdim ki, xanımlarımız daha çox eleqantlığa üstünlük versinlər.
Bəzi gənclər düşünür ki, nə qədər çox açıq geyinsələr, bir o qədər gözəl və müasir görünəcəklər. Amma modanın anası sayılan Koko Çannel çox gözəl deyib: “Xanımın zərifliyi və gözəlliyi ən sonuncu düyməsinin bağlanmasındadır”. Bu o deməkdir ki, açıq-saçıq olmaq hələ dəbli və eleqant olmaq deyil. Eyni zamanda, “qapalı geyinsəm geridə qalmış görünərəm” fikri də yanlışdır. Yenə də qeyd edirəm, geyim heç bir halda insanın daxili əxlaqını tam ölçə bilməz, amma sənin məkana və insana verdiyin hörməti nümayiş etdirir. Əxlaq insanın geyimində deyil, ağlında və əməlindədir.
- Azərbaycan əhalisinin gündəlik geyimində daha çox tünd rənglər, xüsusilə qara rəng üstünlük təşkil edir. Bunu bəzən psixologiya ilə əlaqələndirirlər. Sizcə bunun səbəbi nədir?
- Bu, həqiqətən də bizim cəmiyyətdə kök salmış bir vərdişdir. Xüsusilə xanımlarımız qara rəngi ona görə seçirlər ki, bu rəng insanı daha yığcam, daha arıq göstərir. Elə xanım var ki, qarderobundakı on geyimindən səkkizi qaradır. Elə bilirlər ki, qara geyinsələr, bədən qüsurlarını daha rahat gizlədə bilərlər. Eyni vəziyyət bəylərdə də var. Onlar qaranı həm “ağır”göründüyü üçün, həm də praktik olduğu üçün seçirlər. Məsələn, qara paltarda ləkə və ya çirk ağ rənglə müqayisədə o qədər də tez nəzərə çarpmır.
Amma mən bir modelyer olaraq bu stereotipləri çoxdan qırmışam. İnsanlara hər zaman deyirəm ki, rənglərdən qorxmayın. Siz nə qədər parlaq, açıq və gözəl rənglərdən istifadə etsəniz, əhval-ruhiyyəniz də o qədər müsbət olar. Çünki qara rəng, nə qədər klassik olsa da, istər-istəməz insana ağırlıq gətirən, enerjini aşağı salan bir rəngdir. Geyim insanın daxili aləminə təsir edir. Açıq rənglər sizi həm daha gənc, həm də daha enerjili göstərəcək. Qara rəngin o “praktik” tərəfinə sığınıb ruhunuzu tünd rənglərə həbs etməyin.
“Böyük loqolar olan parçaları geyinmək estetik və dəbli görünmür”
- Bəzən aşağı gəlirli insanlar bahalı brendlərə daha çox meyl edir. Xüsusilə böyük brend loqolarını göstərən parçalar. Sizcə, bu, eleqantlıq sayılırmı?
- Bu mövzunun çox maraqlı bir keçmişi var. Təxminən 50 il əvvəl dünya şöhrətli brendlər özlərini tanıtmaq üçün loqolarını qəsdən qabardırdılar, böyük formalarda təqdim edirdilər. Bu bir marketinq gedişi idi. Məhz buna görə də bu gün hamımız “Chanel”, “Dior” kimi markaların loqolarını harda görsək tanıyırıq. Bu, insanların beynində elə formalaşıb ki, elə bilirlər əyinlərində böyük bir brend loqosu olsa, daha bahalı və statuslu görünəcəklər. Amma mən bir mütəxəssis kimi bunun tamamilə əleyhinəyəm. Çox qabarıq, gözə girən loqolar artıq eleqantlıq sayılmır. Əksinə, əsl kübarlıq və eleqantlıq “səssiz lüks”dediyimiz tərzi tələb edir. İnsan gərək geyindiyi libasın keyfiyyəti ilə, kəsimi ilə seçilsin, üzərindəki markanın adı ilə yox. Aşağı gəlirli insanların bu cür loqolara qaçması əslində özünü olduğundan fərqli göstərmək ehtiyacından yaranır. Amma unutmayaq ki, eleqantlıq markanın etiketində deyil, sizin o geyimi necə daşımağınızdadır.
- Siz dahi sənətkarlarla da işləmisiniz. Məsələn, Zeynəb Xanlarova, Alla Puqaçova və Aygün Kazımova kimi böyük sənətkarlarla işləmək asan deyil. Bu qədər iddialı ulduzların etibarını necə qazandınız? Onlar seçimi tam sizə buraxırdılar, yoxsa prosesə müdaxilə edirdilər?
- Mən ümumiyyətlə, vətənimdə etibar qazanmışam. Öncə öz vətənimdə, sonra isə dünya sferasında öz sözümü demişəm, ad qazanmışam. Onlar mənim peşəkarlığımı bildikləri üçün mənə olan inamları hər zaman çox yüksək olub. Məsələn, Aygün Kazımova ilə işləmək mənim üçün bir zövqdür və çox rahatdır. İnanın, onunla işləyəndə aramızda heç bir sorğu-sual olmur. Hər şey bir anda, sanki bir nəfəsə ərsəyə gəlir. Aygün xanım yeniliklərə çox açıq sənətkardır, yeni stillərə böyük meyili var. Mən ona “gəl bu cür fərqli bir şey edək” deyəndə, heç tərəddüd etmədən dərhal razılaşır. Əslində, biz birlikdə Azərbaycanın səhnə mədəniyyətinin geyim tərzini formalaşdırmışıq. Mən, Leyla Əhmədova olaraq, Aygünlə sanki bir ömür sürmüşəm bu sənətdə. O, hər zaman cəsarətli geyimləri ilə seçilib. İndi hər şey əlçatandır, hər cür açıq-saçıq geyim var, amma o dövrdə belə cəsarətli obrazları yaratmaq və daşımaq böyük iş idi. Zeynəb Xanlarova isə təbii ki, artıq özünəməxsus, formalaşmış stili olan bir zirvədir. Amma maraqlıdır ki, Zeynəb xanım da mənim fikirlərimlə hər zaman razılaşıb, təkliflərimə çox böyük zövqlə və açıq ürəklə yanaşıb. Biz onunla dörd böyük, möhtəşəm layihəyə imza atmışıq. Ümumiyyətlə, mən çox ulduzlarla çalışmışam: Nazpəri Dostəliyeva, Manana, Flora Kərimova və daha neçə-neçə sənətkar. Hər biri ilə dil tapmaq mənim üçün asan olub, heç vaxt çətinlik çəkməmişəm. Çünki sənətkarın nə istədiyini, səhnənin nə tələb etdiyini modelyer gərək öncədən görə bilsin. Biz sadəcə paltar tikmirik, biz bir obraz yaradırıq.
“Cennifer Lopez belə Aygün Kazımovanın cəsarətli tərzini təkrarlayıb”
- Bəs Aygün Kazımovanın dəbini dünyada götürən, ondan ilhamlanan məşhurlar olubmu?
- Əlbəttə, həm də necə. Hətta deyərdim ki, dünya şöhrətli Cenifer Lopez özü belə bir çox məqamlarda Aygün Kazımovanın stilini, onun yaratdığı o cəsarətli dəbi təkrarlayıb. Faktlara baxsaq görərik ki, Aygün xanım hələ 1999-cu ildə o səs-küy yaradan cəsarətli kombinləri, xüsusi kəsimli kombinzonları və korsetləri geyinirdi. O geyimlərin bir çoxunu, o şortikləri, bodiləri şəxsən mən öz əllərimlə tikmişəm. Cenifer Lopez isə bu üslubda, bu cür cəsarətli detallarla 2000-ci illərdən sonra görünməyə başladı. Bəli, dünya starlarının Aygün xanımdan ilhamlandığını tam əminliklə deyə bilərəm. Mən Aygünü dünya miqyasında ancaq Madonna ilə müqayisə edərdim. Necə ki, Madonna Londonda, Amerikada öz stili ilə bir inqilab etdi, yeni bir obraz yaratdı, eynilə Aygün Kazımova da həm Azərbaycanda, həm də regionda həmin missiyanı yerinə yetirdi. O, sadəcə müğənni deyil, həm də bir dəb ikonudur. Onun illər əvvəl etdiyi yeniliklər bu gün dünya səhnələrində hələ də trend olaraq qalır.
- Çalışdığınız məşhurlarla bağlı yaddaşınızda hansısa maraqlı xatirə və ya unudulmaz hadisə qalıbmı?
- Xatirələr o qədər çoxdur ki, hansı birini desəm, az olar. Məsələn, dahi sənətkarımız Zeynəb Xanlarovanın məşhur "Leylam" mahnısını ilk dəfə elə onun öz ifasında mən eşitmişəm. Bir modelyer üçün sənətkarın sənə bu qədər yaxın olması, ruhunu açması nə qədər dəyərlidir, təsəvvür edirsiniz? Bundan gözəl nə ola bilər ki...
Aygün Kazımova ilə isə bizim sənət dostluğumuz tam başqadır. Mən onun üçün həm “Ay” olmuşam, həm “Günəş”. Hətta o dövrdə hazırladığım iki məşhur libaslardan biri Ayı, biri Günəşi simvolizə edir, onlar hələ də mənim kolleksiyamın ən dəyərli parçaları kimi qalır.
Moskvada çalışdığım illərdə isə Valentinn Yudaşkinlə bir yerdə olmuşam, Alla Puqaçova üçün geyimlər hazırlamışam. Amma heyfsləndiyim bir məqam var ki, o dövrdə böyük sənətkarlarla çəkilmiş rəsmlərimiz yoxdur. Amma o günlərin enerjisi, qazanılan təcrübə və xatirələr həmişə mənimlədir. Elə olub ki, son dəqiqə Aygün Kazımova səhnəyə çıxdığı an paltarı əynində açılıb və onu bir neçə saniyə içində tikmişəm. Bu kimi maraqlı hadisələr olub.
- Siz təkcə xanım sənətkarlarla deyil, həm də Faiq Ağayev kimi obrazına çox həssas yanaşan bəy sənətkarlarla çalışmısınız. Kişi sənətçilər üçün vizual imic yaratmağın hansı fərqli çətinlikləri var?
- Bilirsiniz, 2000-ci illərin əvvəllərində Faiq Ağayevlə gələcək imici üzərində çox müzakirələr aparırdıq. Mən ona hər zaman deyirdim: “Sən fərqli olmalısan, sən hamıdan seçilməlisən”. O da öz növbəsində geyiminə, tərzinə çox həssas yanaşan, hər detala önəm verən bir sənətkardır. Əslində, kişi sənətçilərlə işləməyin elə bir xüsusi çətinliyi yoxdur. Əksinə, mən deyərdim ki, onlarla çalışmaq çox rahatdır. Çünki bizim kişilərimizdə fitri bir zövq var. Bu gün Azərbaycan səhnəsindəki kişi müğənnilərinə baxanda görürük ki, hamısı çox dəbli, səliqəli və zövqlü geyinirlər. Müasir dövrdə artıq bəylərimiz də dəblə ayaqlaşmağı, özlərinə yaraşanı seçməyi çox gözəl bacarırlar.
- Ulduzlarla işləmək kənardan cəlbedici görünsə də, arxa tərəfdə böyük bir məsuliyyət var. Sizin üçün “çətin sənətkar” anlayışı varmı?
- Xeyr, mənim üçün çətin sənətkar anlayışı qətiyyən yoxdur. Belə dahi insanlarla işləmək mənim üçün hər şeydən öncə böyük bir şərəfdir. Bəli, bu işin pərdəarxasında gərginlik və məsuliyyət olur, amma mən buna sadəcə bir iş kimi baxmıram. Bu, həm də böyük bir məktəbdir, təcrübədir. Dahi ilə işləyəndə sən ondan təkcə geyim sifarişi almırsan, həm də həyat təcrübəsi yığırsan. Çünki dahi insanın hər sözü, hər hərəkəti bir örnəkdir. Onlarla dil tapmağın qızıl qaydası isə səmimiyyət və peşəkarlıqdır. İşini sevərək və dərindən görəndə ən iddialı sənətkar belə sənə etibar edir. Mənim üçün onların hər biri bir zirvədir və o zirvəyə toxunmaq, onların obrazını tamamlamaq sənətimin ən qürurverici tərəfidir.
Bəsti Rəfizadə
Sfera.az