ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-nin blokadası İranla razılaşma əldə olunana qədər davam edəcək.
"Razılaşma əldə olunana qədər davam edəcəyimiz blokada İranı tamamilə məhv edir”, - deyə Tramp əlavə edib.
Bəs blokadanın davam etməsi qlobal enerji bazarına və neft qiymətlərinə necə təsir göstərə bilər?
Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Asif İbrahimov, ABŞ Prezidenti Donald Trampın bəyanatının qlobal enerji bazarlarında qeyri-müəyyənliyin artmasına və yeni risklərin formalaşmasına səbəb olduğunu söyləyib.
Onun sözlərinə görə, İranın rəsmi ixrac imkanlarının məhdudlaşdırılmasına baxmayaraq, ölkə qeyri-rəsmi kanallar vasitəsilə gündəlik təxminən 1,3-1,6 milyon barel həcmində nefti beynəlxalq bazara çıxarmaqda davam edir:
“Bu, əsasən kölgə donanması, gəmidən-gəmiyə yükləmə (STS əməliyyatları), neftin mənşəyinin dəyişdirilməsi və alternativ maliyyə mexanizmləri vasitəsilə həyata keçirilir. İrana sanksiyalar tətbiq olunduqdan sonra İran neftinin əsas alıcısı rolunu Çin oynayır. İranın neft ixracının təxminən 80-90%-i məhz Çin bazarına yönəlir ki, bu da gündəlik təqribən 1,1-1,4 milyon barel səviyyəsindədir. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri tranzit və yenidən ixrac mərkəzi kimi çıxış edir, Suriya isə daha çox siyasi-iqtisadi əməkdaşlıq çərçivəsində məhdud həcmdə neft idxal edir. Eyni zamanda, Yaxın Şərqdə geosiyasi gərginliyin artması, xüsusilə Hörmüz boğazı kimi strateji marşrutlarda risklərin yüksəlməsi enerji daşıyıcılarının daşınma xərclərini artırmaqla yanaşı, bazarda əlavə risk premiumunun formalaşmasına səbəb olur”.
İqtisadçının fikrincə, İranın qeyri-rəsmi ixracı hazırda qlobal bazarda mühüm “balanslaşdırıcı” rol oynayır:
“Bu axının davam etməsi qiymətlərin kəskin sıçrayışının qarşısını qismən alsa da, blokadanın sərtləşdirilməsi və ya bu kanalların məhdudlaşdırılması halında bazardan gündəlik təxminən 1,5 milyon barelə yaxın təklifin itməsi riski mövcuddur. Bu isə neft qiymətlərində ciddi artım dalğası yarada bilər. Belə olduğu halda belə, alternativ istehsalçıların, o cümlədən ABŞ və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin hasilatı artırmaq imkanları mövcud olsa da, bu proses qısa müddətdə bazardakı potensial boşluğu tam kompensasiya etmək gücündə deyil. Qısaca desək, mövcud şəraitdə İran ətrafında geosiyasi proseslər və blokada siyasətinin davamı qlobal enerji bazarının əsas risk faktorlarından biri olaraq qalır. Qısa müddətdə neft qiymətlərində artım meyli güclənə bilər, orta və uzun müddətdə isə bazarın istiqaməti geosiyasi dinamika və alternativ təklif imkanlarından asılı olacaq”.
Fidan Hacızadə
Sfera.az