İtaliyanın Baş naziri Corciya Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri planlaşdırılır. “Euronews”un yaydığı məlumata görə, səfərin əsas müzakirə mövzusu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə Azərbaycan təbii qazının Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya nəqlinin artırılması imkanları olacaq.
Bəs İtaliya Azərbaycandan əlavə qaz həcmlərinin ixracını istəyə bilərmi və Azərbaycanının bunu təmin etmək imkanı varmı?
Sfera.az-a bu haqda açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə əsasən, İtaliya bu tələbi irəli sürmək üçün güclü məntiqə malikdir və Ukrayna müharibəsindən sonra Rusiyadan qaz asılılığını kəskin şəkildə azaldan İtaliya alternativ mənbələr axtarışını prioritetə çevirib:
“Azərbaycan bu baxımdan etibarlı tərəfdaş kimi qəbul edilir - siyasi risk aşağıdır, mövcud infrastruktur (TAP və TANAP) artıq işləyir. TAP-ın hazırkı illik ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir, lakin texniki cəhətdən 20 milyard kubmetrə qədər artırıla bilər. TAP-ın ötürücülük gücünün artırılması aparılıb və İtaliya tərəfi buna maraq göstərib. Genişləndirmə üçün maraqlı tərəflər investisya qoymalı və hansı müddətə, nə qədər qaz axacağına dair saziş imzalamalıdır. Çünki perespektivdə risklər var, həmin risklərin önlənməsi üçün Azərbaycana uzunmüddəti sazişlər vacibdir. Azərbaycanın imkanları məsələsinə gəldikdə isə, vəziyyət bir qədər mürəkkəbdir. Azərbaycanın əsas qaz mənbəyi olan "Şahdəniz" yatağının hazırkı istehsal həcmi TAP vasitəsilə əlavə ixracı təmin etmək üçün kifayət qədər böyük deyil. Azərbaycan artıq müəyyən həcmdə Türkiyəyə, Gürcüstana və Avropaya qaz satır. Eyni zamanda daxili istehlak da nəzərə alınmalıdır. Yəni mövcud ehtiyatlardan əhəmiyyətli əlavə həcm ayırmaq bu an çətin görünür”.
İqtisadçının sözlərinə əsasən, yenə də bir neçə seçim masadadır:
“Birincisi, Azərbaycan Mərkəzi Asiya, xüsusilə Türkmənistan və Qazaxıstan qazını tranzit edərək Avropaya ötürə bilər. Bu, "qaz körpüsü" modeli kimi müzakirə olunur. İkincisi, "Şahdəniz-3" mərhələsinin inkişafı üçün yeni investisiyalar cəlb edilə bilər ki, bu da orta müddətdə istehsalı artırar. Üçüncüsü, LNG formatında digər mənbələrdən alınan qazın yenidən ixracı da nəzərdən keçirilə bilər. Beləliklə, İtaliya tərəfinin tələbi real və anlaşılan olsa da, Azərbaycanın qısa müddətdə əhəmiyyətli əlavə həcm təmin etmək imkanı məhduddur. Danışıqlar çox güman ki, 2026-2030-cu illəri əhatə edən dövr üçün uzunmüddətli öhdəliklər və yeni investisiya çərçivəsi ətrafında gedəcək”.
Bəsti Rəfizadə
Sfera.az