Hörmüz boğazındakı gərginlik və ABŞ-nin tətbiq etdiyi blokada Avropa üçün ciddi çətinliklər yaradıb. ABŞ bu blokadanın uzun müddət davam edə biləcəyini artıq bəyan edib. Ortaya atılan iddialara görə, bu blokadanın bir məqsədi də ABŞ-nin Avropaya təzyiqini artırmaq və onu öz maraqlarına uyğun idarə etməkdir.




Bəs bu iddia nə dərəcədə realdır və əgər belədirsə, ABŞ Avropadan nə istəyir?




Siyasi ekspert Çingiz Şahbazi Sfera.az-a mövzu ilə bağlı bildirib ki, Yaxın Şərqdə baş verənlər, xüsusilə Hörmüz boğazının bağlanması və keçidlərin məhdudlaşması Avropa ölkələrinin yanacaq təchizatında böyük problemlər yaradıb.


 


Ekspertin sözlərinə görə, bu vəziyyət Yaxın Şərqdən gələn neft və qaz axınının kəskin azalması ilə nəticələnib.




Çingiz Şahbazi qeyd edib ki, böhran nəticəsində gündəlik 12 milyon bareldən çox neft bazardan kənarda qalıb:


 


"Bu durum Avropa ölkələrində qiymətlərin müharibədən əvvəlki dövrlə müqayisədə xeyli bahalaşmasına səbəb olub. Hətta bəzi Avropa ölkələrində təyyarə yanacağı üzrə çatışmazlıq riski yaranıb. Ekspert hesab edir ki, bu, ilk növbədə fiziki təchizat sisteminin pozulmasıdır və siyasi manipulyasiyadan daha çox struktur problemi kimi qiymətləndirilməlidir.

Hazırda Avropa enerji idxalında ABŞ-dən daha çox asılı vəziyyətə düşüb. Avropa İttifaqı alternativ variant kimi ABŞ-dən yanacaq alışını artırmağı planlaşdırır. ABŞ və Norveç isə stabil təchizatçılar olaraq yaranmış vəziyyətdən faydalanan tərəflər hesab olunur. Bu o deməkdir ki, ABŞ enerji ixracını artırır və Avropa belə bir şəraitdə ABŞ-yə bağlılığını daha da gücləndirmək məcburiyyətində qalır. Ekspert vurğulayır ki, bu vəziyyət daimi olmasa da, ABŞ-nin xeyrinədir. Çünki hazırkı şərait ABŞ-nin xüsusilə Avropa bazarındakı enerji payını artırır və neft ixracını gücləndirir. Avropa bazarının ABŞ-nin əsas müştərisinə çevrildiyini demək olar".


 





Ekspert bildirib ki, bunun siyasi tərəfləri də mövcuddur. Onun sözlərinə görə məqsəd NATO daxilində yaranmış kritik vəziyyəti aradan qaldırmaq və Yaxın Şərqdə, xüsusilə İrana qarşı yürüdülən siyasətdə Avropanın ABŞ ilə eyni mövqedən çıxış etməsini təmin etməkdir. 




Çingiz Şahbazi əlavə edib ki, digər sahələrdə, məsələn, texnologiya, enerji transformasiyası və yeni yanacaq modelləri istiqamətində də Avropanın ABŞ tərəfindən yönləndirilməsinə dair cəhdlər var:


 


"ABŞ Avropanın enerji asılılığını artırmaqla onu siyasi baxımdan özünə daha çox tabe edir və bu, ABŞ-nin üstünlüyü kimi qiymətləndirilir. Ekspert qeyd edib ki, ABŞ-nin bunu qəsdən etdiyini sübut edən rəsmi faktlar olmasa da, görünən odur ki, Avropa son bir neçə ildə artıq ikinci dəfə enerji şoku yaşayır. İndiki vəziyyət yeni bir enerji böhranına, qlobal iqtisadi təsirlərə və inflyasiyanın artmasına səbəb ola bilər.

Dünyadakı mövcud enerji siyasətinin İran və Hörmüz boğazındakı hadisələrdən sonra dəyişmə ehtimalı yüksəkdir. Alternativ mənbələrə və ABŞ-yə yönəlmə bundan sonra daha da intensivləşə bilər. ABŞ-nin bu böhrandan maksimum yararlanmağa çalışdığı fikri açıq şəkildə səsləndirilir ki, bu da baş verənləri “ABŞ-nin planlı təzyiq layihəsi” kimi təqdim etməyə əsas verir".




Fidan Hacızadə

Sfera.az