Lazım gələrsə, Rusiya-Ukrayna münaqişəsinin həllində kömək üçün yenidən Ərəbistan yarımadasındakı tərəfdaşlarına, o cümlədən Səudiyyə Ərəbistanı müraciət edə bilər. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko "İzvestiya" qəzetinə verdiyi müsahibədə bildirib. 




Maraqlıdır, Səudiyyə Ərəbistanı kimi ölkələrin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu nə dərəcədə effektiv ola bilər?


 


Siyasi şərhçi Elmir Səftərov Sfera.az-a açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanının Rusiya-Ukrayna müharibəsində diplomatik və nisbətən neytral platforma kimi çıxış etməyə çalışdığı müşahidə olunur.


 


Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı həm Rusiya, həm də Qərb və Ukrayna ilə əlaqələrini qoruyaraq diplomatik balans yaratmağa cəhd edir:


 





“Bu çərçivədə rəsmi ritorikada qərəzsiz mövqe nümayiş etdirməyə çalışdığı görünür. Krallıq Qərb blokuna daxil olmasa da, qlobal iqtisadiyyatda mühüm rola malik olan Çin, Hindistan və Braziliya kimi ölkələrlə paralel diplomatik təmaslar qura bilir. Bu isə ona əlavə diplomatik nüfuz və daha müsbət beynəlxalq imic qazandırır. Eyni zamanda, ölkə rəhbərliyinin müxtəlif dövlətlərin liderləri ilə birbaşa dialoq kanallarına malik olması şəxsi diplomatiyanın effektivliyini müəyyən dərəcədə artırır və əlaqələrin daha operativ şəkildə qurulmasına imkan verir. Səudiyyə Ərəbistanı yalnız bəyanatlarla kifayətlənməyərək müəyyən praktik nəticələr əldə etməyə də çalışır. Buna misal olaraq əsir mübadiləsi təşəbbüslərini, Ciddə Sülh Sammiti çərçivəsində keçirilən görüşləri və Ukrayna üçün göstərilən humanitar yardımları qeyd etmək olar. Bununla yanaşı, son illərdə müxtəlif səviyyələrdə diplomatik təmasların intensivləşdiyi də müşahidə edilir”.




Siyasi şərhçi qeyd edib ki, Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi görüşlər və təşəbbüslər onu beynəlxalq dialoq üçün əlverişli platformalardan birinə çevirir:




”Bu baxımdan krallığın apardığı balanslaşdırma siyasəti hazırda beynəlxalq münasibətlər sistemində daha çevik və diqqətçəkən diplomatik manevrlərdən biri kimi qiymətləndirilə bilər. Bununla belə, mövcud reallıq göstərir ki, vasitəçilik səyləri nə qədər aktiv olsa da, münaqişənin taleyi əsasən tərəflərin öz mövqelərindən və onları dəstəkləyən güclərin yanaşmasından asılı olaraq qalır. Rusiya ələ keçirdiyi strateji əraziləri qorumağa çalışdığı halda, Ukrayna işğal olunmuş torpaqlarından imtina etmək niyyətində deyil. Bu isə ərazi məsələlərində ciddi güzəştlərin hələlik mümkün olmadığını göstərir. Eyni zamanda, Ukraynaya göstərilən genişmiqyaslı hərbi, siyasi və iqtisadi dəstək, paralel olaraq Rusiyaya qarşı tətbiq olunan sanksiyalar tərəflər arasında orta mövqenin formalaşmasını çətinləşdirir. Ona görə də tərəflərin strateji ambisiyaları və qarşılıqlı etimadsızlıq dialoq proseslərinin irəliləməsini əngəlləyən əsas faktorlar olaraq qalır”.


 


Niyaz Hacıyev 

Sfera.az