Böyük Britaniya və müttəfiqləri Rusiya ilə dəniz sərhədləri boyunca hərbi güclərini birləşdirir. Belə ki, Kral Dəniz Qüvvələri Moskvaya qarşı yeni "hücum imkanları" hazırladıqlarını bəyan edib.
Böyük Britaniyanın Birinci Dəniz Lordu, general Qvin Cenkinsin Londonda Kral Birləşmiş Xidmətlər İnstitutunda (RUSI) etdiyi çıxışına əsasən, yeni dəniz qüvvələri 2014-cü ildən fəaliyyət göstərən Birgə Ekspedisiya Qüvvələri (JEF) modelinə əsaslanacaq.
–
O bildirib ki, məqsəd Rusiya ilə dəniz sərhədi boyunca lazımi "dəniz, hava və amfibiya hücum imkanlarını" təmin edəcək bir donanma ailəsi yaratmaqdır: "Biz birlikdə təlim keçəcək, məşq edəcək və real hərəkətə hazırlaşacaq qüvvələr formalaşdırırıq. Ortaq rəqəmsal şəbəkələr, logistika və platformalar sayəsində iştirakçı ölkələr silah, personal və hərbi hissə mübadiləsini maneəsiz həyata keçirə biləcəklər”.
Böyük Britaniyanın Rusiyaya qarşı bu addımının səbəbi nədir? Moskvanın mövqeyi necə olacaq?
Sfera.az-a bu haqda açıqlama verən politloq Rəşad Bauramovun sözlərinə əsasən, Böyük Britaniyanın və ümumiyyətlə NATO müttəfiqlərinin Rusiya ilə dəniz istiqamətində hərbi koordinasiyanı gücləndirməsi bir neçə paralel səbəbin nəticəsi kimi izah olunur və burada əsas faktor təhlükəsizlik mühitinin kəskin dəyişməsi ilə bağlıdır:
“2022-ci ildən sonra Avropada təhlükəsizlik arxitekturası faktiki olaraq yenidən qurulub. Rusiya ilə Qərb arasında münasibətlər yalnız diplomatik gərginlik səviyyəsində deyil, açıq hərbi qarşıdurma potensialı olan uzunmüddətli strateji rəqabət mərhələsinə keçib. Bu kontekstdə Baltik dənizi, Şimal dənizi və Arktika kimi dəniz zonaları xüsusi əhəmiyyət qazanır, çünki həm enerji marşrutları, həm də hərbi-logistik baxımdan kritik keçidlərdir. Digər mühüm səbəb NATO daxilində çəkindirmə strategiyasının gücləndirilməsidir. Böyük Britaniyanın JEF kimi formatlar vasitəsilə müttəfiqlərlə daha çevik, inteqrasiya olunmuş qüvvələr yaratması klassik böyük hərbi bloklardan fərqli olaraq daha mobil və tez reaksiya verə bilən struktur qurmaq məqsədi daşıyır. Burada əsas ideya sürətli koordinasiya olunan çoxmillətli qüvvə modelinin formalaşmasıdır. Yəni potensial təhlükə yaranarsa, ölkələr ayrı-ayrılıqda yox, vahid sistem kimi hərəkət edə bilsinlər”.
Ekspertin fikrincə, növbəti səbəb isə texnoloji və doktrinal dəyişikliklərə görədir:
“Müasir dəniz müharibəsi artıq yalnız gəmi-gəmiyə döyüş deyil. Buraya pilotsuz sistemlər, kiber hücumlar, peyk nəzarəti, sualtı sensor şəbəkələri və uzun mənzilli raket sistemləri daxildir. Ona görə də rəqəmsal inteqrasiya, logistika şəbəkəsi kimi ifadələr əslində yeni nəsil müharibə modelinə keçidin göstəricisidir. Bu, həm də hərbi resursların daha səmərəli istifadəsinə imkan yaradır. Nəhayət bu, həm də siyasi mesaj olaraq oxuna bilər. Məlumdur ki, bu tip bəyanatlar yalnız hərbi planlaşdırma deyil, həm də çəkindirmə rolunu oynayır. Yəni məqsəd potensial rəqibə “biz koordinasiyalı və hazırıq” mesajı verməkdir. Xüsusilə dəniz sərhədləri boyunca hərbi gücün artırılması Rusiyanın Baltik və Şimal dənizindəki fəaliyyətinə cavab kimi qiymətləndirilə bilər. Böyük Britaniyanın bu prosesdə liderlik etməsi isə post-Brexit dövründə onun qlobal təhlükəsizlikdə rolunu gücləndirmə cəhdləri ilə də bağlıdır. Avropa təhlükəsizlik sistemində daha aktiv və təşəbbüskar oyunçu kimi görünmək London üçün həm strateji nüfuz, həm də NATO daxilində təsir deməkdir”.
Bəsti Rəfizadə
Sfera.az