Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, yaxın qohumlar arasında nikahın bağlanması qadağandır.
Qeyd edək ki, bu qadağa son illərdə qanunvericiliyə edilən dəyişikliklərlə daha da konkretləşdirilmiş və tətbiqinə nəzarət gücləndirilmişdir. Buna baxmayaraq, bəzi şəxslər müəyyən cərimə ödəməklə belə nikahların bağlanmasının mümkün olduğunu iddia edirlər.
Eyni zamanda, cəmiyyətdə qohum evliliyi edən şəxslərə də rast gəlinir.
Qeyd olunanları nəzərə alaraq, qohum evliliklərinə hansı hallarda icazə verilir? Yoxsa bu cür nikahlar ümumiyyətlə qadağandır? Hər hansı cərimə məbləği ödəməklə belə evliliyin rəsmiləşdirilməsi mümkündürmü?
Sfera.az-a bu haqda açıqlama verən vəkil Babək Umudovun sözlərinə əsasən, 2024-cü ildə qəbul edilən və 2025-ci ilin iyulun 1-dən qüvvəyə minən qərara əsasən, Azərbaycanda qohum evlilikləri ümumiyyətlə qadağandır və bu qadağa Ailə Məcəlləsinin 12-ci maddəsində təsbit olunub:
“Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, bir sıra şəxslər arasında nikah bağlanmasına yol verilmir. Məsələn, yaxın qohumlar (əvvəldən qadağan idi) valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ya ögey (ümumi ata-anası olan) qardaş-bacılar. 2025 iyul 1-dən qüvvəyə minən qərara əsasən isə, qardaşların və yaxud bacıların ümumi bioloji baba və yaxud nənəsi olan uşaqları, yəni əmi, dayı, bibi, xala uşaqları, əmioğlu əmiqızı, xalaoğlu xalaqızı və s. arasında evlilik qadağandır. Bioloji qohumluğu olan əmi (dayı) ilə qardaş (bacı) qızı və bioloji qohumluğu olan bibi (xala) ilə qardaş (bacı) oğlu arasınd anikah bağlamaq qətiyyən qadağandır. Nikahın qeydiyyatı zamanı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri xüsusi informasiya sistemi vasitəsilə qohumluq əlaqəsini yoxlayır və belə hallarda nikah qeydə alınmır. Qeydə alınsa belə, nikah məhkəmə qaydasında etibarsız sayıla bilər”.
Vəkilin sözlərinə əsasən, cərimə və ya digər cəza ödəməklə qadağan olunmuş qohum nikahı rəsmiləşdirmək mümkün deyil:
“Qadağa nikahın bağlanmasına mane olan hallar siyahısındadır və bu, qeydiyyat orqanının nikahı qeydə almaması deməkdir. Cərimə yalnız qanunu pozmağa, məsələn, saxta sənədlə cəhd etməyə, dini kəbin kəsməyə və ya erkən evliliyə görə tətbiq oluna bilər, amma bu, nikahı qanuni etmir. Qohum nikahı ilə bağlı əsas məsuliyyət daha çox erkən evlilik və məcburiyyət halları üçün nəzərdə tutulub. Qohum nikahının özü üçün ayrıca “cərimə ödə, evlən” mexanizmi yoxdur. Bəzi yerlərdə xüsusilə kəndlərdə qohum evlilikləri (əmi-xala uşaqları arasında) ənənəvi olaraq davam edir. Belə hallarda rəsmi nikah qeydə alınmır, sadəcə dini kəbin kəsib birgə yaşayırlar. Bu zaman nikahdan irəli gələn hüquqlar (əmlak bölgüsü, aliment, miras, uşaqların rəsmi valideynlik sənədləri) tam tanınmır və gələcəkdə ciddi problemlər yarada bilər”.
Bəsti Rəfizadə
Sfera.az