Avropa İttifaqı (Aİ) hazırkı Aİ Şurasına sədrlik müddətinin sonuna qədər Rusiya əleyhinə 21-ci sanksiya paketini qəbul edə bilər. Lakin paket üzrə razılığa gəlmək zərurəti və danışıqların mürəkkəbliyi səbəbindən bu ssenari sual altındadır. Bu barədə Avropa Parlamentinin üzvü Tomaş Zdeçovski “İzvestiya”ya bildirib.
Maraqlıdır, Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul etməkdə çətinlik çəkməsinin əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, ittifaqın növbəti sanksiya paketini qəbul etməkdə çətinlik çəkməsi əsasən siyasi və struktur məsələləri ilə əlaqəli ola bilər:
“Məlum olduğu kimi, Avropa İttifaqı Rusiya–Ukrayna müharibəsində birbaşa iştirak etməsə də, istər Ukraynaya göstərilən dəstək, istərsə də Kreml əleyhinə tətbiq edilən ritorika birliyi faktiki olaraq prosesin tərkib hissəsinə çevirib. Keçən müddət ərzində Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı bir çox məhdudiyyətlər və sanksiyalar tətbiq edilmişdir. Lakin reallıq ondan ibarətdir ki, müəyyən iqtisadi geriləmələr olsa da, mövcud tendensiya Rusiyanı təcavüzkar ritorikadan çəkindirmir. Bu isə Avropa ölkələri arasında fikir ayrılıqlarını daha da artırır”.
Müsahibimiz vurğulayıb ki, Aİ tərəfindən sanksiyalar, ümumilikdə xarici siyasət məsələləri məhz bütün üzv dövlətlərin konsensusu (razılığı) əsasında reallaşır:
“Belə olduğu təqdirdə, hər hansı bir ölkənin mənfi rəyi prosesi uzadır. Digər bir məqam isə təbii ki, enerji təminatı ilə bağlıdır. Hələ də bəzi Avropa ölkələri Rusiyadan enerji tədarük edir və Ukrayna münaqişəsi fonunda öz enerji təhlükəsizliyini riskə atmaq istəmir. Bununla yanaşı, tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərməklə paralel, Avropa üçün də bir çox sahədə iqtisadi çətinliklər yaradır. Yəni, məsələləri ümumiləşdirəndə risklər və maraqlar faktoru, eyni zamanda müharibənin həddindən artıq uzanması Avropa ölkələri arasında yorğunluq və qərarsızlıq hissi formalaşdırır”.
Niyaz Hacıyev
Sfera.az