Azərbaycanın işğaldan azad edilən bölgələrimizdə mina təhlükəsi hələ də ciddi humanitar problem olaraq qalmaqdadır. Münaqişələr başa çatsa belə, torpaqlarda gizli qalan partlayıcılar illər, hətta onilliklər ərzində insan həyatı üçün risk yaratmağa davam edir. Vaxtaşırı baş verən faciəvi hadisələr bu təhlükənin hələ də aradan qalxmadığını açıq şəkildə göstərir. 




Son günlərdə daha iki nəfər minaya düşüb. Ümumilikdə 10 noyabr 2020-ci ildən bu il aprelin 26-dək ölkədə mina partlayışı ilə bağlı 261 insident qeydə alınıb. Bu partlayışlar nəticəsində 423 nəfər zərər çəkib, onlardan 73 nəfər həlak olub, 350 nəfər xəsarət alıb. Zərərçəkənlərdən 230 nəfəri mülki şəxs (onlardan 58 nəfər həlak olub, 172 nəfər xəsarət alıb), 193 nəfəri hərçidir (həlak olanlar 15, xəsrət alanlar 178 nəfər).




1991-ci ildən bu günədək isə 3400 nəfərdən çox minadan zərər çəkən var. 




Azərbaycan üçün mina təhlükəsinin böyük olmasının səbəbi mina xəritələrinin verilməməsi ilə bağlıdır. Mina xəritələrinin verilməməsi beynəlxalq hüququn pozuntusudur. 




Ermənistanın sistemli şəkildə basdırdığı minalar on illərdir mülki əhaliyə, uşaqlara və qadınlara qarşı təhlükə yaratmaqda davam edir. 




Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan uzun illər mina təhlükəsinin ağır nəticələrini yaşayan ölkələrdəndir. O qeyd edib ki, minatəmizləmə prosesi çox çətin, bahalı və vaxt tələb edən bir işdir:


 


"Hər gün kənd təsərrüfatı sahələrinin istifadəyə yararsız qalması, yolların, məktəblərin, evlərin bərpasının ləngiməsi insanların doğma yurdlarına dönüşünü gecikdirir. Təəssüf ki, mina partlayışları nəticəsində mülki şəxslərin və hərbçilərin həyatını itirməsi halları hələ də baş verir”.


 





Politoloq vurğulayıb ki, Azərbaycan bu sahədə nümunəvi fəaliyyət göstərir.:




“Dövlət səviyyəsində ANAMA kimi xüsusi qurum yaradılıb, müasir texnologiyalar tətbiq olunur, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. Minatəmizləmə əməliyyatları təkcə təhlükəsizlik üçün deyil, həm də sosial-iqtisadi inkişafın bərpası üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə həm milli resurslarını səfərbər edir, həm də beynəlxalq dəstək cəlb etməyə çalışır”. 




Müsahibimiz qeyd edib ki, beynəlxalq təşkilatların səssizliyi isə ciddi suallar doğurur:




“Əslində, mina problemi qlobal miqyasda tanınmış humanitar fəlakətdir. Ottava Konvensiyası minadan istifadənin qadağan olunmasını nəzərdə tutsa da, bir sıra dövlətlərin ona qoşulmaması bu problemin tam həllinə mane olur. Böyük güclərin geosiyasi maraqları humanitar dəyərlərdən üstün tutulduğu üçün mina təhlükəsi lazımi diqqəti görmür. Azərbaycanın mina problemi təkcə regional məsələ deyil, beynəlxalq hüququn və humanitar dəyərlərin sınağıdır. Bu gün ölkəmiz öz gücü ilə bu təhlükəni aradan qaldırmaq üçün mübarizə aparır və bütün dünyaya göstərir ki, iradə və təşkilatlanma ilə ən çətin problemlərin öhdəsindən gəlmək mümkündür. Azərbaycanın bu sahədə gördüyü işlər həm region, həm də dünya üçün örnəkdir”.




Niyaz Hacıyev 

Sfera.az