Hörmüz boğazının blokadaya alınması ABŞ və İran arasında "əsəb savaş"ının yaranmasına səbəb olub. Tərəflər bir-birini ittiham etməklə yanaşı müharibə ehtimalının artmasına dair hədələr də səsləndirirlər.
İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri Ebrahim Əzizi bildirib ki, İran ABŞ-nin Hörmüz boğazında gəmiçiliyə hər hansı müdaxiləsini atəşkəs rejiminin pozulması kimi qiymətləndirəcək.
O qeyd edib ki, boğazda və Fars körfəzində idarəetmə ABŞ Prezidenti Donald Trampın bəyanatları əsasında həyata keçirilməyəcək.
Belə görünür ki, tərəflər arasında "əsəb savaşı" hələ davam edəcək. Bəs bu savaşda hansı tərəf zəif bəndə çevriləcək?
Sfera.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayev bildirib ki, Hörmüz boğazında yaranmış mövcud vəziyyət olduqca mürəkkəb xarakter alıb və tərəflər faktiki olaraq bir-birinin səbrini sınağa çəkir:
“Nə ABŞ, nə də İran geri addım atmaq niyyətində deyil. Məlum olduğu kimi, Donald Tramp “Azadlıq” adlı əməliyyat həyata keçirməyi planlaşdırır. Bu əməliyyat çərçivəsində Hörmüz boğazında ilişib qalan gəmilərin ABŞ hərbi qüvvələrinin müşayiəti ilə təhlükəsiz şəkildə keçirilməsi nəzərdə tutulur. İran isə bu addımı atəşkəsin pozulması kimi qiymətləndirəcəyini bəyan edib. Bu isə vəziyyətin yenidən kəskinləşməsi, hətta açıq hərbi qarşıdurmanın alovlanması ehtimalını artırır. Belə bir ssenaridə silahların yenidən işə düşməsi və raket hücumlarının başlanması riski mövcuddur. Ümid etmək olar ki, hadisələr bu istiqamətdə inkişaf etməz. Hərbi və iqtisadi güc baxımından ABŞ daha üstün mövqedədir. Lakin coğrafi yerləşmə, relyef və psixoloji faktorlar baxımından İranın müəyyən üstünlükləri var. İran öz ərazisində fəaliyyət göstərir və Hörmüz boğazına daha yaxındır. Eyni zamanda, mövcud rejim cəmiyyəti “xarici təcavüzə qarşı mübarizə” ideyası ətrafında səfərbər edə bilib”.
Siyasi şərhçi əlavə edib ki, hazırkı şəraitdə tərəflərin heç biri güzəştə getməyə hazır görünmür:
“Halbuki çıxış yolu yalnız qarşılıqlı kompromis və danışıqlar masasına qayıdışdan keçir. İranın təqdim etdiyi 14 maddəlik təklif də bu kontekstdə diqqət çəkir. Lakin ABŞ bu təklifi qəbul etmədiyini bildirib, əsas səbəb kimi isə nüvə məsələsinin sənəddə yer almamasını göstərib. Aydındır ki, gec-tez tərəflər müəyyən bir ortaq məxrəcə gəlməyə məcbur olacaqlar. Çünki yaranmış gərginlik təkcə bu iki ölkə ilə məhdudlaşmır. Artıq qlobal enerji bazarında ciddi sarsıntılar müşahidə olunur və bu, dünya iqtisadiyyatı üçün böyük risklər yaradır. Hətta ABŞ prezidenti mövcud vəziyyəti koronavirus pandemiyası dövründən daha ağır bir böhran kimi qiymətləndirib. Bu qarşıdurmada hansı tərəfin daha dözümlü olacağı əsas amilə çevrilir. Həm ABŞ-nin, həm də İranın öz üstünlükləri var. Hansının üstün gələcəyini isə yaxın dövr göstərəcək. Çünki belə bir gərginliyin uzun müddət davam etməsi real deyil. Qeyd etmək lazımdır ki, Hörmüz boğazı bu gün açılsa belə, yaranmış enerji böhranının təsirlərinin aradan qalxması aylar çəkə bilər. Dünya iqtisadiyyatının bu şokdan çıxması isə yalnız mərhələli şəkildə mümkün olacaq”.
Fidan Hacızadə
Sfera.az