Bu ilin ilk 3 ayında Azərbaycanda bank sektoru ilə bağlı açıqlanan statistik göstəricilər ziddiyyətli mənzərə ortaya qoyur.
Belə ki, 2026-cı ilin ilk üç ayında ölkə iqtisadiyyatı 0.3% kiçildiyi halda, bank sektorunun aktivləri 58 milyard manata yüksəlib. Eyni dövrdə banklardan 600 milyon manat depozit çıxarılıb, depozit faizləri 10.3%-dən 10.2%-ə enib, kredit faizləri isə əksinə 15.4%-dən 15.6%-ə yüksəlib.
Bununla yanaşı, əmanətlərin dollarlaşma səviyyəsi 30.9%-ə düşüb, nağdsız əməliyyatların həcmi 0.5 milyard manat azalıb, illik inflyasiya isə 5.7% təşkil edib. Bu göstəricilər fonunda bankların faiz marjasının genişlənməsi, vətəndaşların maliyyə davranışındakı dəyişikliklər və ümumi iqtisadi aktivliklə bağlı suallar aktuallaşır.
Depozitlərin azalması və faizlərin enməsi fonunda əhalinin banklara marağının zəiflədiyini demək olarmı, yoxsa vəsaitlər alternativ sahələrə yönəlir? Həmçinin, kredit faizlərinin artması və depozit faizlərinin azalması bank sektorunda marjanın genişləndiyini göstərirmi və bu, real iqtisadiyyata necə təsir edir? Mövcud tendensiyalar davam edərsə, bu vəziyyət iqtisadi aktivlik və maliyyə sabitliyi üçün hansı riskləri yarada bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, bank sektorunda qiymətləndirmələrin bir və ya iki ay üzrə aparılması doğru hesab olunmur. Onun sözlərinə görə, adətən illik yekunlarına və ya bəzi hallarda hətta qısa və orta müddətli dövrə baxılır, yəni üç-beş illik müddətə baxılaraq bank sektorundakı tendensiya müəyyənləşdirilir:
“Sözsüz, illik yekunlar önəmlidir, illik yekunlar əsasında bank sektorundakı vəziyyətin qiymətləndirilməsi həyata keçirilə bilər. Amma ümumiyyətlə biz bank sektorunda birinci rübün yekunlarına diqqət yetirsək, kredit portfelində artımları müşahidə edə bilərik. Kredit portfeli artım tempini qoruyub saxlayıb, çünki birinci rübün yekununda kredit portfeli 30 milyard 290 milyon dollar olub. Xüsusən nəzərə alaq ki, bu həm ilin yekunlarına, həm də birinci və ikinci ayın yekunlarına nisbətən daha böyük rəqəmdir. Yanvar ayının birinə nisbətən rüblük yekunda əmanət portfelində artımlar müşahidə olunub, 16 milyard 772 milyondan 16 milyard 960 milyon manata qədər yüksəlib. Mart ayının əvvəli ilə müqayisədə isə aprel ayının birində əmanət portfelində azalma müşahidə olunub. Dalğalanmalar var, bu dalğalanmaların da fərqli səbəbləri var. Bu, təbii ki, bank sektorunda təhdidin olması anlamına gəlmir, çünki dalğalanmalar yüksək deyil, böyük deyil, həm də təbii ki, uzunmüddətli dövrü əhatə etmir”.
V.Bayramov qeyd edib ki, bank sektoru üçün ciddi məsələlərdən biri əslində problemli kreditlərin həcmi ilə bağlıdır:
“Mərkəzi Bank tərəfindən problemli kreditlərin həcminin tənzimlənməsi və azaldılması istiqamətində işlərin genişləndirilməsinə ehtiyac var. Çünki nəticə etibarilə problemli kreditlərin həcminin azaldılması həm də bank sektorunun sağlamlaşdırılması baxımından çox vacibdir. Bu baxımdan təbii ki, xüsusən problemli kreditlərin həcminin azaldılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi və bu kontekstdən yeni qaydaların tətbiqinə ehtiyac var ki, biz növbəti aylarda da problemli kreditlərin həcminin artmasını müşahidə etməyək”
Firuzə Əliyeva
Sfera.az