Azərbaycanda boşanma halları sürətlə artmaqda davam edir. Son statistik göstəricilər vəziyyətin əvvəlki illərlə müqayisədə daha da kəskinləşdiyini göstərir. Belə ki, cari ilin ilk iki ayı ərzində ölkədə 3376 boşanma qeydə alınıb. Bu, hər 1000 nəfərə 2 boşanma deməkdir. Qeydə alınan göstərici son 85 il ərzində qeydə alınan ən yüksək səviyyə hesab olunur. 




Maraqlıdır ki, bu rəqəm Avropa ilə müqayisədə də daha yüksəkdir. Avropada orta hesabla hər 1000 nəfərə 1,6 boşanma düşür. Bu isə Azərbaycanda boşanma səviyyəsinin həm əvvəlki illərlə, həm də beynəlxalq göstəricilərlə müqayisədə artdığını ortaya qoyur. 




Statistikaya əsasən, ən aşağı boşanma göstəricisi 1945-ci ildə qeydə alınıb ­– həmin dövrdə hər 1000 nəfərə cəmi 0,1 boşanma düşürdü.


 


Sfera.az-a açıqlama verən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, boşanma məsələsi təkcə sosioloji deyil, həm də siyasi və iqtisadi məsələdir.


 


Onun sözlərinə görə, problemə kompleks yanaşmaq lazımdır:


 


“Müasir dəyərlər formalaşıb, insanlar artıq individuallaşır və özlərini hər şeydən öndə tuturlar. Yəni şəxsi mənafelər ailə maraqlarından, milli və dini dəyərlərdən üstün tutulur. Artıq eqosentrik bir cəmiyyət yaranıb ki, bu da mənfi statistikanı ortaya çıxarıb. Biz artıq boşanma sayına görə, təəssüf ki, hətta Avropanı belə keçmişik. Necə oldu ki, biz Avropanı ötdük? Əgər səbəb yalnız mənəvi deqradasiya olsaydı, Avropa bizdən daha tez sıradan çıxmalı idi. Deməli, mənəvi amillərlə yanaşı, bizdə həm də iqtisadi və siyasi problemlər var. Çünki nəinki ailələr dağılır, hətta doğum sayı və evlənmələrin sayı da azalır. Bu, gələcəkdə millətin yox olma təhlükəsi ilə üz-üzə qalmasına səbəb ola bilər”.


 





T.Abbaslı dövlət qurumlarının boşanma səbəblərini dərindən araşdırmamasına da etirazını bildirib:


 


“İstənilən ölkədə belə faktlar qeydə alınanda xüsusi siyasi proqramlar və layihələr başladılır. Azərbaycanda aidiyyəti qurumlar, məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu boşanmaların real səbəblərini araşdırıbmı? Boşanmaların neçə faizi maddi problemlərə, neçə faizi ailədaxili şiddətə görə baş verir? Bununla bağlı konkret sistemli statistika yoxdur. Uşaqlı ailələrə dövlət dəstəyi verilməli, doğumun stimullaşdırılması üçün addımlar atılmalıdır. Məsələn, ailəli şəxslərə daha aşağı faizli kreditlər verilməsi, mənzillə təminatda güzəştlərin tətbiqi kimi tədbirlər görülərsə, insanlar ailənin dəyərini daha yaxşı anlayar. Ailə dağılarsa, cəmiyyət dağılar, dövlət isə zəifləyər. Bu, daha çox siyasətin və iqtisadiyyatın məsələsidir və dövlət mütləq müdaxilə etməlidir”.


 


Bəsti Rəfizadə

Sfera.az