İqlim dəyişiklikləri, quraqlığın artması və su ehtiyatlarının azalması son illər dünyanın bir çox ölkəsində ciddi narahatlıq doğurur.


 


BMT və beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, yaxın onilliklərdə su uğrunda rəqabət daha da güclənəcək və bəzi regionlarda içməli su problemi kritik həddə çatacaq. Bu fonda Azərbaycanda da su ehtiyatlarının gələcəyi ilə bağlı müzakirələr aktuallaşıb.


 


Xüsusilə ölkə ərazisində formalaşan su ehtiyatlarının məhdud olması və əsas çayların xarici mənbələrdən qidalanması mövzunu daha həssas edir. Son günlər kənd təsərrüfatı naziri Məcnun Məmmədovun “Azərbaycan su ehtiyatlarının 70 faizini xaricdən alır” açıqlaması da ictimaiyyətdə sual yaradıb.


 


Maraqlıdır, ölkəmizdə su qıtlığı yarana bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun 2026-cı ilin may ayındakı son açıqlamalarına əsasən, ölkədə hazırda kəskin bir su qıtlığı problemi yoxdur, lakin resursların idarə edilməsi sahəsində ciddi çağırışlar mövcuddur.


 



 


Ekspertin sözlərinə görə, nazirin qeyd etdiyi 70% rəqəmi suyun birbaşa "satın alınması" deyil, ölkənin su ehtiyatlarının böyük hissəsinin (xüsusən Kür və Araz çaylarının) Azərbaycan hüdudlarından kənarda formalaşması və transsərhəd çaylar vasitəsilə daxil olması deməkdir.


 


A.Nəsirli Azərbaycanda su qıtlığı riskləri və mövcud vəziyyət haqqında əsas məqamları qeyd edib:


 


“Nazir vurğulayıb ki, əsas məsələ suyun azlığı deyil, onun düzgün idarə olunmamasıdır. Hazırda itkiləri azaltmaq üçün torpaq kanallardan beton və qapalı boru sistemlərinə keçid, həmçinin yeni su anbarlarının tikintisi prioritetdir. Azərbaycanın su ehtiyatlarının təxminən 70-75%-i qonşu ölkələrdən gəlir. Bu, iqlim dəyişikliyi və qonşu ölkələrin su siyasəti fonunda müəyyən risklər yaradır. Quraqlıq illərində bu ehtiyatlar 30 milyard kubmetrdən 22-23 milyard kubmetrə qədər azala bilir. Ölkədə istifadə olunan suyun 70%-dən çoxu aqrar sektorun payına düşür. Lakin suvarılan sahələrin yalnız təxminən 10-14%-ində müasir (damcı, çiləmə) suvarma sistemləri tətbiq olunur. Nazirlik 2030-cu ilə qədər bu rəqəmi 300 min hektara çatdırmağı hədəfləyir”.


 


“Beynəlxalq hesabatlara görə, Azərbaycan 2040-cı ilə qədər su stressi ilə üzləşə biləcək 33 ölkə arasında 18-ci yerdə qərarlaşıb. Bu o deməkdir ki, əgər indidən qənaət tədbirləri görülməsə, gələcəkdə qıtlıq real təhlükəyə çevrilə bilə”, – ekspert nəzərə çatdırıb.


 


Firuzə Əliyeva


Sfera.az