Azərbaycan Respublikası nüfuzlu Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.


Bildirilib ki, DCO-ya üzvlük Azərbaycanın qabaqcıl rəqəmsal siyasətlərə, beynəlxalq standartlara və təcrübə mübadiləsinə çıxışını genişləndirəcək. Eyni zamanda yerli startapların üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına çıxış imkanları artacaq. Sezar pizza


Gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramlarının həyata keçirilməsi rəqəmsal bacarıqların inkişafına, elektron ticarət və data əsaslı biznes modelləri üzrə əməkdaşlığın genişlənməsinə imkan yaradacaq.


Nazirliyin məlumatına görə, Azərbaycan üzvlük çərçivəsində Cənubi Qafqaz və Orta Asiya regionunda rəqəmsal körpü rolunu daha da gücləndirə bilər. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində isə e-hökumət, süni intellekt və smart həllər sahəsində üzv ölkələrin təcrübəsindən faydalanmaq mümkün olacaq.


Qeyd olunub ki, Azərbaycanın İKT potensialının, Rəqəmsal İnkişaf Şurası çərçivəsində görülən işlərin, rəqəmsallaşma imkanlarının və həyata keçirilən layihələrin DCO və üzv ölkələrlə paylaşılması gələcəkdə rəqəmsal məhsul və xidmətlərin ixrac potensialının artırılmasına xidmət edəcək.


Bu layihələr sırasında “mygov” və “mygov Business” platformaları, dövlət rəqəmsal xidmətləri arasında məlumat mübadiləsini təmin edən “Digital Bridge”, vahid giriş sistemi “Digital Login”, Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi (RSD) və biometrik rəqəmsal imza həlli SIMA yer alır.


DCO-ya üzvlük Azərbaycanın rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində regional və qlobal əməkdaşlığının gücləndirilməsinə də töhfə verəcək.


Qeyd edək ki, 2020-ci ilin noyabrında təsis edilən Rəqəmsal Əməkdaşlıq Təşkilatı rəqəmsal iqtisadiyyatın inklüziv inkişafını sürətləndirməyi və hamı üçün rəqəmsal rifahı təmin etməyi hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.


Aytac Əliyeva



Telegram kanalımız