Son zamanlarda ABŞ və Avropa arasında təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr daha da intensivləşib.
Xüsusilə Vaşinqtonun NATO qarşısındakı öhdəlikləri və Avropanın təhlükəsizliyində oynadığı rol ətrafında səslənən fərqli fikirlər qitədə müdafiə strategiyası ilə bağlı yeni suallar doğurur.
Bu fonda bəzi avropalı siyasətçilər Avropanın təhlükəsizlik baxımından ABŞ-dən asılılığını azaltmasının vacibliyini vurğulayırlar. Məhz bu kontekstdə Joschka Fischer bildirib ki, ABŞ Avropanı qorumaqdan imtina edərsə, Avropa öz nüvə çətirini yaratmaq üçün addımlar atmalıdır.
Bəs görəsən, Avropanın öz nüvə çətirini formalaşdırması ideyası nə dərəcədə real və mümkündür? Belə bir sistemə nələr daxil ola bilər?
Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, artıq uzun müddətdir Avropa ölkələri ilə ABŞ arasında siyasi münasibətlərdə nəzərə çarpacaq qədər gərilmələr hökm sürür və mövcud mənfi dinamika NATO müstəvisinə də sirayət edir.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və onun komandası siyasi nöqteyi-nəzərdən tamamilə haqlı olaraq kifayət qədər sərt ritorika fonunda Avropa dövlətlərindən ÜDM-də təhlükəsizlik məsələlərinə ayrılan payın artırılmasını tələb edir:
“Çünki avropalılar məhz ABŞ-nin maliyyə gücü çərçivəsində formalaşan təhlükəsizlik çətiri əsasında komfort zonada yaşayırdılar və öz təhlükəsizliklərinə lazımı səviyyədə diqqət ayırmırdılar. Təbii ki, bu tip yanaşma Vaşinqton rəsmilərini narahat edir. Buna baxmayaraq, ABŞ və Avropa arasında münasibətlər hazırda soyuqlaşma dövrünü yaşasa da, reallıq ondan ibarətdir ki, Birləşmiş Ştatlar qitə üzərində məhz təhlükəsizlik məsələlərində hələ də toxunulmaz mövqeyə malikdir. Hazırda Avropanın təhlükəsizliyi əsasən ABŞ və NATO-nun nüvə deterrensiyasına dayanır. Lakin avropalılar gedişatdan narahatdır və alternativ variantlar düşünürlər. Əlbəttə bunların arasında Avropanın öz nüvə çətirini yaratmaq ideyası daha aktualdır. Ancaq bu ideya səsləndirilən fikirlərə baxmayaraq, həyata keçirilməsi çox mürəkkəb, bahalı və ən əsası siyasi cəhətdən çətin bir layihədir. Çünki burada həm Rusiyanın məsələyə münasibəti, eyni zamanda Avropa cəmiyyətlərinin hərbiləşməyə yanaşması, xüsusilə Baltik və Şərqi Avropa ölkələrinin hələ də əsas təhlükəsizlik qarantörü kimi ABŞ-ni görməsi proses çərçivəsində mürəkkəbliyi artıran məqamlardır”.
Siyasi şərhçi vurğulayıb ki, nəzəri olaraq bu tamamilə mümkünsüz deyil:
“Bilindiyi kimi, Fransa və ABŞ nüvə gücünə sahibdir. Düzdür, Britaniyanın nüvə sistemləri müəyyən qədər ABŞ texnologiyasına inteqrasiya olunub. Ancaq Fransa nüvə triadasına malik olmaqla məsələdə tamamilə müstəqil bir mövqeyə sahibdir və əgər sözügedən layihə işlək mexanizmə çevrilərsə, məhz hərbi cəhətdən bu rolu üstlənməyə ən uyğun namizəd Fransadır. Əlbəttə, burada lazımı texnoloji və maliyyə məsələləri ön planda qərarlaşmalıdır. Ancaq reallıqlar ondan ibarətdir ki, Parisin bu məsələdə lokomotiv rolunda qərarlaşma ehtimalı özü belə sözsüz ki, ciddi fikir ayrılıqlarına səbəb olacaq. Buna görə də Avropanın öz nüvə çətirini yaratmaq cəhdi hazırda olduqca aşağı ehtimaldır”.
Niyaz Hacıyev
Sfera.az