Son günlərdə Fars körfəzində ABŞ və İran arasında qısamüddətli toqquşmalar müşahidə edilir. Bu toqquşmalardan sonra atəşkəs elan edilsə də, gərginlik davam edir və yeni müharibənin baş verəcəyinə dair ehtimallar artır.




Bəs mövcud vəziyyətdə yenidən müharibənin baş verməsi nə dərəcədə realdır?




Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, atəşkəs rejimi altında Fars körfəzində ABŞ və İran arasında baş verən insidentlər vəziyyətin yenidən genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalını artırır: 




“Amma tərəflər bunun nə qədər riskli olduğunu da dərk edirlər. Bu baxımdan Vaşinqton və Tehran atəşkəsi texniki olaraq qüvvədə saxlamaq məcburiyyətindədirlər və eyni zamanda bir-birini onu pozmaqda ittiham edirlər. Bu isə idarəolunan gərginliklə nəzarətdən çıxan eskalasiya arasındakı sərhədi hər gün bir qədər də aradan qaldırır.Tərəflərin tammiqyaslı müharibədən qaçdığı açıq şəkildə ifadə olunsa da, hər iki tərəf geri çəkilmiş görüntüsü verməkdən də çəkinir. Bu isə Hörmüz boğazında baş verən hər hansı insidentin və ya yanlış hesablamanın müharibənin yenidən alovlanmasına yol açması riskini artırır. Məsələn, İran ABŞ-ni Hörmüz yaxınlığında tanker və sahil bölgələrinə zərbə endirərək atəşkəsi pozmaqda ittiham edir. ABŞ isə İranın dron və raketlərlə Amerika hərbi gəmilərinə hücum etdiyini və cavab zərbələri endirdiyini bildirir. Atəşkəs rejiminə baxmayaraq, tərəflər ara-sıra döyüşürlər və bu vəziyyət kövrək atəşkəs rejimi kimi qiymətləndirilə bilər. Eyni zamanda diplomatik kanallar da tam bağlanmır. Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, gizli danışıqlar prosesi davam edir. Paralel olaraq qeyd etmək istəyirəm ki, addım-addım böyüyən eskalasiya müharibə ehtimalını istisna etmir. Demək olar ki, hər gün kiçik dəniz insidentləri baş verir və tərəflər qarşılıqlı zərbələr endirirlər. Enerji infrastrukturu və tanker gəmiləri hədəf alınır. Regional aktorlar – BƏƏ, Səudiyyə Ərəbistanı və İsrail də prosesə cəlb olunurlar. Bu lokal toqquşmalar regional müharibəyə səbəb ola bilər və bu ehtimal kifayət qədər yüksəkdir”.


 



 


Ç.Şahbazi bu baxımdan Hörmüz boğazı ətrafında baş verənlərin artıq yalnız ABŞ-İran məsələsi olmaqdan çıxaraq qlobal məsələyə çevrildiyini söyləyib:


 


“Bu, enerji təhlükəsizliyi və enerji bazarında qiymətlərin sabitliyi məsələsidir. Çünki dünya neftinin əhəmiyyətli hissəsi bu marşrutdan keçir. Buna görə də hərbi gərginlik bazara və beynəlxalq siyasətə dərhal təsir göstərir. ABŞ bu istiqamətdə bir sıra tədbirlər həyata keçirdi və çalışdı ki, İranı zəiflədərək geri addım atmağa məcbur etsin. Amma görünən odur ki, İranın göstərdiyi müqavimət Tramp administrasiyasının hesablamalarına uyğun gəlmədi. ABŞ indi İranı iqtisadi və hərbi təzyiqlə nəzarətdə saxlamaq strategiyasına üstünlük verir ki, bu da İran iqtisadiyyatına və valyuta ehtiyatlarının tükənməsinə gətirib çıxara bilər. ABŞ-nin İrana qarşı dəniz blokadası, enerji ixracına nəzarət, Hörmüzdə hərbi mövcudluq və məhdud zərbələr kimi vasitələrdən istifadə etməsi İran iqtisadiyyatına ciddi ziyan vura bilər. Bu isə ölkə daxilində narazılığın artmasına və etiraz dalğasının güclənməsinə səbəb ola bilər. Hazırda İran müqavimət göstərmək gücündədir və bu səbəbdən ABŞ-nin planı tam nəticə vermir. Bu baxımdan hesab edirəm ki, genişmiqyaslı müharibə riski hər zaman mövcuddur. Amma ABŞ-nin İranla bağlı Körfəzdə blokada və izolyasiya planları, eləcə də yeni strategiyası müharibə ehtimalını müəyyən qədər azaldır”.


 


Fidan Hacızadə

Sfera.az