Böyük Britaniyanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Böyük Britaniya və Fransa Hörmüz boğazında beynəlxalq hərbi missiyanın yaradılması ilə bağlı 40-dan çox ölkənin müdafiə nazirlərinin ilk görüşünü keçirəcək.
Açıqlamada bildirilib ki, London və Parisin rəhbərliyi altında keçiriləcək görüşdə tərəfdaş ölkələr Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına yönəlmiş müdafiə xarakterli missiyaya hərbi töhfələrini müzakirə edəcəklər.
Görüş ABŞ-İran müharibəsi ilə bağlı müsbət nəticələrə səbəb ola bilərmi?
Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, Böyük Britaniya və Fransanın 40-dan çox ölkənin iştirakı ilə Hörmüz boğazında beynəlxalq hərbi missiya məsələsini müzakirəyə çıxarması göstərir ki, Qərb bu böhranı artıq təkcə ABŞ İran qarşıdurması kimi deyil, qlobal enerji və ticarət təhlükəsizliyi problemi kimi görür:
“Hörmüz boğazı dünya enerji axınları üçün həyati keçiddir və burada hər hansı bağlanma, hücum və ya risk sığorta xərclərindən neft qiymətlərinə qədər geniş təsir yaradır. London və Parisin missiyanı “müdafiə xarakterli” təqdim etməsi vacibdir, çünki məqsəd İranla birbaşa hərbi toqquşmaya girməkdən çox, beynəlxalq gəmiçiliyin qorunması və regionda nəzarətsiz eskalasiyanın qarşısını almaq kimi göstərilir. “Reuters” də Britaniyanın “HMS Dragon” gəmisini bölgəyə göndərməsini mümkün çoxmillətli missiyaya hazırlıq kimi təqdim edir”.
Z.Qarayeva əlavə edib ki, bu görüş ABŞ İran müharibəsi ilə bağlı müsbət nəticələrə səbəb ola bilər, amma bu nəticə avtomatik deyil:
“Əgər missiya İranı tam sıxışdırmaq və hərbi təzyiqi artırmaq aləti kimi deyil, gərginliyi idarə edən, gəmiçiliyi qoruyan və diplomatik danışıqlara yer açan mexanizm kimi qurularsa, o zaman Vaşinqtonla Tehran arasında mümkün razılaşma üçün əlavə təhlükəsizlik zəmanəti yarada bilər. Lakin İran bunu özünə qarşı yeni hərbi mühasirə kimi qəbul etsə, əks effekt verə və Hörmüz böhranını daha da dərinləşdirə bilər. Ona görə əsas məsələ missiyanın miqyası, mandatı və İranla dolayı koordinasiyanın olub-olmamasıdır. Paris və London bu addımı beynəlxalq hüquq və müdafiə çərçivəsində saxlaya bilsələr, görüş müharibənin genişlənməsinin qarşısını alan diplomatik təzyiq alətinə çevrilə bilər”.
Fidan Hacızadə
Sfera.az