CNN bildirir ki, ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə edib.




Telekanalın məlumatına əsasən, Pentaqon İranla bağlı mümkün hərbi əməliyyatlar üçün bir neçə plan hazırlayıb.




Həmin planlarda İranın enerji və infrastruktur obyektlərinə zərbələrin endirilməsi variantları da yer alır.


 


Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı mümkün hərbi ssenariləri müzakirə etməsi Yaxın Şərqdə geosiyasi gərginliyin yeni mərhələyə keçə biləcəyinə dair siqnal kimi qiymətləndirilə bilər: 


 


“Pentaqonun İranın enerji və infrastruktur obyektlərinə zərbələri də ehtiva edən planlar hazırlaması Vaşinqtonun həm hərbi, həm də psixoloji təzyiq strategiyasını paralel şəkildə işə saldığını göstərir. Lakin bu addımların diplomatik yolların tam tükəndiyi anlamına gəlməməlidir. Belə ki, ABŞ-İran münasibətlərində hərbi planların hazırlanması yeni hadisə deyil. Son illərdə İranın nüvə proqramı, regiondakı proksi qüvvələrə dəstəyi və Hörmüz boğazı ətrafındakı təhlükəsizlik riskləri səbəbindən Vaşinqton mütəmadi olaraq “hərbi variant masadadır” mesajı verib. 40 günlük müharibədən sora isə İranla bağlı mümkün yeni hərbi ssenarilərin müzakirəsi bir neçə dəfə baş tutub. Bu baxımdan hazırkı müzakirələrin və planların əsas məqsədinin birbaşa müharibə yox, çəkindirmə və təzyiq mexanizmi ola biləcəyi ehtimalı daha çoxdur. ABŞ belə addımlarla Tehrana göstərmək istəyir ki, nüvə proqramı və eləcə də Hörmüzlə bağlı razılaşmanın olmaması ciddi nəticələr doğura bilər”.


 



R.Bayramovun fikrincə, Pentaqonun enerji və kritik infrastruktur hədəflərini nəzərdən keçirməsi adi diplomatik ritorikadan daha sərt mərhələyə keçidin əlaməti kimi də qəbul oluna bilər: 


 


“İran iqtisadiyyatının əsas dayağı enerji sektorudur və bu sahəyə mümkün zərbələr ölkə üçün olduqca acınacağlı vəziyyət yarada bilər. Bu onu göstərir ki, Vaşinqton həm də Tehranın iqtisadi davamlılığını zəiflədə biləcək real hərbi təzyiq alətlərini də nəzərdən keçirdiyinə dair mesaj verir. 

Bununla belə, hərbi əməliyyatların yenidən başlaması ehtimalı hələ də məhdud görünür. Çünki ABŞ seçki ilindədir və yeni əməliyyatların tez bir zamanda nəticə verəcəyinə arxayın deyil. Uzunmüddətli toqquşma isə onsuz da yüksək olan neft qiymətlərinin kəskin artması, Hörmüz boğazında daha ağır təhlükəsizlik böhranı və nəticədə ABŞ daxilində də qiymət artımına səbəb ola bilər. Bu səbəbdən ABŞ yeni hərbi əməliyyatlara bir qədər ehtiyatlı yanaşır. Digər tərəfdən isə hərbi planların mediaya sızdırılması özü də strateji kommunikasiya elementidir. Məqsəd İranı danışıqlarda daha çevik mövqe tutmağa məcbur etmək, nüvə proqramı ətrafında güzəştlərə təşviq etmək və regiondakı müttəfiqlərə ABŞ-nin qətiyyət mesajını çatdırmaqdır.

Odur ki, ABŞ-nin İranla bağlı hərbi planları diplomatik kanalların tam bağlandığını deyil, diplomatiyanın hərbi təzyiqlə paralel aparıldığını göstərir”.


 


Fidan Hacızadə

Sfera.az