“Sadə amnistiya gələcəkdə qanunsuz tikintiləri artıra bilər”
Sfera.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının dördüncü günündə çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, son illərdə Azərbaycanda çoxmənzilli yaşayış binalarının istismarına icazə prosedurlarının sadələşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. Eyni zamanda, əsas şəhərsalma standartlarına cavab verən bəzi evlər və qeyri-formal yaşayış məntəqələri üçün müəyyən amnistiya yanaşmaları tətbiq edilib.
Mikayıl Cabbarov vurğulayıb ki, tikililərin leqallaşdırılması məsələsinə çox ehtiyatla yanaşmaq vacibdir. Onun sözlərinə görə, plansız və nəzarətsiz tikintilər üçün sadə amnistiya qısa müddətdə sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli dövrdə yeni qanunsuz tikintiləri təşviq edə, təhlükəsiz olmayan binaların sayını artıra, torpaq istifadəsində pozuntulara, kənd təsərrüfatı, meşə və su ehtiyatları ilə mühüm infrastruktur zonalarına təzyiq yarada bilər.
Nazir qeyd edib ki, Azərbaycan bu məsələdə balanslı yanaşma seçib – bir tərəfdən vətəndaşların hüquq və sosial ehtiyacları qorunur, digər tərəfdən hüquqi intizam, təhlükəsizlik standartları və məsuliyyətli torpaq idarəçiliyi gücləndirilir.
M.Cabbarov çıxışında problemin iqtisadi tərəfinə də toxunaraq bildirib ki, qeyri-formal yaşayış məntəqələri və mənzil sektoru ilə bağlı kölgə iqtisadiyyatı hökumətlər üçün çətin çağırış yaradır. O vurğulayıb ki, bir tərəfdən qeyri-rəsmi iqtisadi fəaliyyət mövcuddur, digər tərəfdən isə sosial problemlərin həlli üçün maliyyə resurslarına ehtiyac var.
Nazirin sözlərinə görə, Azərbaycan 2019–2025-ci illəri əhatə edən hədəfli islahat çərçivəsində qeyri-formal məşğulluğun leqallaşdırılması istiqamətində addımlar atıb. Bu islahat sosial müdafiə sistemindən kənarda qalan şəxslərin qeydiyyata alınmasına, onların sosial təminat sisteminə daxil edilməsinə və daxilolmaların sosial ehtiyacların qarşılanmasına yönəldilməsinə imkan yaradıb.
Mikayıl Cabbarov bildirib ki, bu fiskal islahat nəticəsində məşğulluğun leqallaşdırılması hesabına daxilolmalar real ifadədə üç dəfədən çox artıb. Bu isə həmin icmaların sosial ehtiyaclarının, o cümlədən mənzil və sosial müdafiə məsələlərinin həlli üçün mühüm maliyyə mənbəyi formalaşdırıb.
Sonda nazir forum iştirakçılarına məhsuldar müzakirələr arzulayıb, Azərbaycana və Bakıya ilk dəfə gələn qonaqları şəhəri yaxından tanımağa dəvət edib.
Firuzə Əliyeva
Sfera.az