“Dünya əhalisinin 58%-i şəhərlərdə yaşayır”.
Sfera.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günündə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə deyib.
O bildirib ki, dayanıqlı və iqlimə davamlı şəhərlərin qurulması hər bir ölkənin strateji baxışından başlayır. Onun sözlərinə görə, hazırda dünya əhalisinin təxminən 58 faizi şəhərlərdə yaşayır və urban ərazilər istilik dalğaları, daşqınlar, su qıtlığı və digər iqlim risklərinə daha çox məruz qalır.
Nazir müavini vurğulayıb ki, iqlim dəyişiklikləri fonunda təbiətə əsaslanan həllər mənzil siyasəti və şəhərsalma layihələrinin ayrılmaz hissəsinə çevrilməlidir:
“Şəhər artımı ilə təbiətin qorunması arasında aydın balans saxlanılmalıdır. Təbiətə əsaslanan yanaşmalar baş planlaşdırmadan və zonalaşdırmadan tikinti mərhələsinə, eləcə də uzunmüddətli idarəetmə və saxlanmaya qədər urban planlamanın bütün mərhələlərinə daxil edilməlidir”, - o qeyd edib.
Ağakərim Səmədzadə bildirib ki, Azərbaycan artıq bu yanaşmanı mənzil və şəhər inkişafı siyasətində tətbiq edir. O qeyd edib ki, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası və onun 2030-cu ilə qədər uzadılmış hədəflərində təmiz ətraf mühit və yaşıl artım milli prioritet kimi müəyyənləşdirilib.
Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşıl enerji zonaları, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları və ekosistemlərin bərpası istiqamətində işlər aparılır.
Nazir müavini əlavə edib ki, Azərbaycan Türkiyə ilə birlikdə Cəbrayılda Yaşıllaşdırma Mərkəzi yaradıb və bu mərkəz Qarabağ və Şərqi Zəngəzurda yaşıllaşdırma fəaliyyətlərinə dəstək verəcək.
Səmədzadə qeyd edib ki, Azərbaycan yaxın zamanda NDC 3.0 sənədini təqdim edib və hazırda uzunmüddətli aşağı emissiyalı inkişaf strategiyası üzərində işləyir. O vurğulayıb ki, bu məqsədlərə nail olmaq üçün təbiətə əsaslanan həllər və ekosistemlərin bərpası mühüm rol oynayacaq.
O, həmçinin xatırladıb ki, bu il Azərbaycanın ev sahibliyi etdiyi Dünya Ətraf Mühit Günü “Təbiətdən ilham alaraq – iqlim, gələcəyimiz naminə” şüarı altında keçiriləcək.
Firuzə Əliyeva
Sfera.az