Sfera.az-a özəl müsahibəsində Bakıda keçirilən World Urban Forum 13 (WUF13) çərçivəsində Cənubi Afrikanın Vitvatersrand Universitetinin professoru Mari Hukman fikirlərini bölüşüb.
O bildirib ki, fəaliyyət sahəsi məhz qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası olduğu üçün forum onun üçün xüsusi əhəmiyyət daşıyır. Professorun sözlərinə görə, WUF tarixində ilk dəfə olaraq diqqətin əsasən mənzil məsələlərinə və qeyri-rəsmi yaşayış məntəqələrinə yönəldilməsi tədbiri daha da önəmli edir. Onun fikrincə, burada aparılan müzakirələr şəhərsalma və sosial mənzil siyasəti baxımından böyük dəyər daşıyır.
Bakı barədə təəssüratlarını bölüşən professor şəhəri yüksək qiymətləndirib və burada olmaqdan məmnunluğunu ifadə edib. O, şəhərin tarixi və memarlıq irsi ilə tanış olduqlarını deyib. Urbanistika sahəsində çalışdığını vurğulayan M. Hukman bəzi şəhərsalma proseslərinə tənqidi yanaşdığını da qeyd edib. Onun sözlərinə görə, “Google Earth” vasitəsilə baxış zamanı bəzi qeyri-rəsmi yaşayış ərazilərinin söküldüyü müşahidə olunur ki, bu da müəyyən suallar doğurur. Bununla belə, o, Azərbaycanın iqtisadi inkişaf mərhələsini də başa düşdüyünü bildirib.
Professor həmçinin forumda Azərbaycanın iqtisadiyyat naziri tərəfindən qeyri-rəsmi yaşayış məntəqələrinin leqallaşdırılması və köçürülməsi ilə bağlı planlar barədə məlumat verildiyini diqqətə çatdırıb.
WUF13-ün təşkilati formatına da toxunan Hukman bu dəfəki forumun əvvəlkilərdən fərqləndiyini vurğulayıb. Onun sözlərinə görə, “stadion formatında” keçirilən ilk WUF kimi tədbir innovativ təşkilati quruluşu ilə seçilir, istiqamətləndirmə sistemi və brendinq yüksək səviyyədədir, iaşə imkanları isə iştirakçılar üçün rahatlıq yaradır.
Müsahibənin sonunda Azərbaycan mətbəxi barədə də danışan professor əsasən vegetarian qidalarına üstünlük verdiyini deyib. O, ət yeməklərinin çox olduğunu müşahidə etsə də, badımcan, qarğıdalı və salatlardan məmnun qaldığını bildirib.
Firuzə Əliyeva
Sfera.az