"Sürətli urbanizasiya, iqlim dəyişiklikləri, demoqrafik artım, miqrasiya və sosial transformasiyalar müasir şəhərlərin inkişafını müəyyən edən əsas çağırışlardandır".


 


Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi” mövzusuna həsr olunan sessiyasında çıxışı zamanı deyib.


 


Onun sözlərinə görə, bu proseslər yalnız dayanıqlı şəhər siyasətləri ilə deyil, həm də güclü ictimai iştirak və inklüziv dialoqla idarə oluna bilər.


 


Çıxışda vurğulanıb ki, media artıq təkcə informasiya ötürən vasitə deyil, həm də ictimai şüurun formalaşmasında, vətəndaş iştirakının təşviqində və dövlət-cəmiyyət əlaqələrinin gücləndirilməsində mühüm platformadır. Şəhərsalma, mənzil siyasəti və ekoloji risklər barədə düzgün kommunikasiya ictimai etimadın formalaşmasına birbaşa təsir göstərir.


 


Rasim Bağırov qeyd edib ki, şəhərlərin dayanıqlılığı yalnız infrastruktur və iqtisadi investisiyalarla deyil, eyni zamanda məlumatlı icmalar, şəffaf kommunikasiya və əməkdaşlıq mühiti ilə təmin olunur. Bu baxımdan media dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalar arasında körpü rolunu oynayır.


 


O, həmçinin məlumatlandırılmış jurnalistikanın və analitik yanaşmanın şəhərsalma siyasətinin daha geniş ictimai müzakirəsinə şərait yaratdığını, dezinformasiyanın isə ictimai etimadı zədələyə biləcəyini bildirib. Bu səbəbdən media savadlılığı və peşəkar standartların qorunması vacib hesab olunur.


 


Çıxışın sonunda qeyd edilib ki, Bakıda keçirilən WUF13 qlobal təcrübə mübadiləsi və dayanıqlı şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır və media bu prosesdə passiv müşahidəçi deyil, aktiv iştirakçı rolunu oynayır.




Firuzə Əliyeva

Sfera.az