Media regional əməkdaşlığın gücləndirilməsində, innovativ həllərin yayılmasında və şəhərlərin uğurlu transformasiya nümunələrinin tanıdılmasında mühüm rol oynayır.
Sfera.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində çıxışı zamanı Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai deyib.
Nigar Arpadarai vurğulayıb ki, şəhər dayanıqlılığı təkcə infrastruktur, texnologiya və ya siyasətlə formalaşmır. Onun sözlərinə görə, bu anlayış həm də maarifləndirmə, etimad, əməkdaşlıq və ortaq məsuliyyət üzərində qurulur.
Deputat əlavə edib ki, media vətəndaşlarla institutlar, elm və cəmiyyət, eləcə də yerli fəaliyyətlə qlobal məqsədlər arasında körpü yaradır. Onun fikrincə, dayanıqlı şəhərlər üçün yalnız ağıllı infrastruktur deyil, həm də güclü kommunikasiya vacibdir.
“İnanıram ki, kommunikasiya güclü bir vasitədir. Gəlin birlikdə işləyək: hökumətlər, media, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və icmalar informasiyanı dayanıqlılıq, davamlılıq və ümid üçün bir alətə çevirsin,” – o bildirib.
Çıxışın sonunda Nigar Arpadarai qeyd edib ki, şəhərlərin daha dayanıqlı olması üçün əməkdaşlıq və düzgün informasiya axını əsas şərtlərdən biridir.
Firuzə Əliyeva
Sfera.az