BMT Türkmənistanda hökumətin dayanıqlılıq, davamlılıq və həyat keyfiyyətinə əsaslanan müasir şəhər inkişafı modelinin formalaşdırılmasını dəstəkləyir. 


 


Sfera.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 4-cü günündə BMT-nin Türkmənistandakı Rezident Əlaqələndirici Ofisinin İnkişaf Koordinatoru Maksat Keshiyev deyib. 


 


Maksat Keshiyevin sözlərinə görə, bu istiqamətdə fəaliyyətin üç əsas prioriteti var. Birinci istiqamət şəhərsalma və siyasət çərçivələrinin gücləndirilməsidir. O qeyd edib ki, BMT Dayanıqlı İnkişaf Məqsədi 11-ə uyğun olaraq inklüziv, təhlükəsiz, dayanıqlı və dözümlü şəhərlərin qurulmasını dəstəkləyir. Bu yanaşmanın Aşqabad və Arkadağ şəhərlərində müasir mənzil təminatı, ictimai xidmətlər və infrastruktura yatırılan iri investisiyalarla özünü göstərdiyini vurğulayıb. 


 


O əlavə edib ki, ikinci prioritet institusional potensialın artırılması və məlumatlara əsaslanan qərarvermə sisteminin inkişafıdır. Bu çərçivədə şəhərsalma, mənzil təminatı və yerli inkişaf sahəsində milli və yerli potensialın gücləndirildiyini bildirib. Onun sözlərinə görə, Aşqabadda məlumat sistemlərinin təkmilləşdirilməsi infrastruktur planlaşdırılması və su idarəçiliyinin yaxşılaşdırılmasına töhfə verə bilər. 


 


BMT rəsmisi bildirib ki, üçüncü istiqamət dayanıqlılığın və davamlı şəhər həllərinin təşviqidir. Xüsusilə Türkmənistanda istilik və su qıtlığı risklərinin nəzərə alınmasının vacib olduğunu deyən Keshiyev, iqlim amillərinin şəhərsalmaya inteqrasiyasının uzunmüddətli riskləri və xərcləri azalda biləcəyini qeyd edib.

O həmçinin vurğulayıb ki, BMT Aşqabadda keçiriləcək “Aşqabad – Ağ Şəhər” Milli Şəhərsalma Forumunu və regional əməkdaşlıq platformalarını dəstəkləyir. Son üç ildə UN-Habitat-ın texniki dəstəyi ilə Arkadağ, Aşqabad və ölkənin beş regionuna bir sıra missiyaların təşkil olunduğunu deyib. 


 


Maksat Keshiyev bildirib ki, hazırda Türkmənistan üçün UN-Habitat ölkə nümayəndəliyinin yaradılması və Habitat Ölkə Proqramının hazırlanması istiqamətində işlər davam edir. 


 


O çıxışını Türkmənistanın Aşqabad və Arkadağ kimi şəhərlərin inkişafı ilə güclü liderlik nümayiş etdirdiyini, növbəti mərhələdə isə bu inkişafın davamlılıq, dayanıqlılıq və məlumatlara əsaslanan planlaşdırma ilə tam uyğunlaşdırılmasının vacib olduğunu vurğulayaraq yekunlaşdırıb.


 


Firuzə Əliyeva

Sfera.az