Sfera.az-a özəl müsahibəsində Bakıda keçirilən World Urban Forum 13 (WUF13) çərçivəsində Zimbabvenin Milli Mənzil və Sosial İnfrastruktur naziri Paul Mavima forumun gündəliyini yüksək qiymətləndirib.


 


Nazir bildirib ki, WUF13 çərçivəsində aparılan müzakirələr olduqca aktualdır və mənzil böhranının həlli, icmaların dayanıqlılığının artırılması, eləcə də qeyri-rəsmi yaşayış məntəqələrinin formallaşdırılması kimi istiqamətlərə real və praktik yanaşmalar təqdim edir.


 


Onun sözlərinə görə, sessiyalar zamanı müxtəlif ölkələrin mövcud vəziyyəti və tətbiq etdiyi həll modelləri ətraflı şəkildə təqdim olunur: “Yeni başa çatan dialoq müxtəlif həll yollarının bir araya gətirildiyi mühüm platforma idi. Burada hökumətlərin, icmaların və vətəndaşların problemlərin həlli istiqamətində gördüyü işlər nümayiş etdirildi. Bu, xüsusilə siyasətçilər və dövlət qurumları üçün çox faydalıdır”.




P. Mavima qeyd edib ki, forumda səsləndirilən məlumatlar iştirakçı ölkələrin gələcək milli siyasətlərinin formalaşdırılmasına da mühüm töhfə verə bilər.


 


O, Azərbaycan və Bakı ilə bağlı təəssüratlarını da bölüşüb. Nazir ölkənin mənzil sektorundakı inkişafı xüsusilə vurğulayıb: “Burada əldə olunan nəticələr çox təsiredicidir. Əhalinin təxminən 95 faizinin ev sahibi olması məni xüsusilə təəccübləndirdi”.


 


Onun sözlərinə görə, Azərbaycan hökumətinin tətbiq etdiyi mənzil siyasəti diqqətəlayiq nümunədir: “Hökumət yalnız mənzil təmin etmir, eyni zamanda əlverişli şərtlərlə evlərin tikilib satışını da həyata keçirir. Bu model digər ölkələr üçün də örnək ola bilər”.


 


Nazir Bakının şəhərsalma mənzərəsini və təmizliyini də yüksək qiymətləndirib: “Şəhər çox təmiz, yaxşı təşkil olunmuş və sürətlə inkişaf edən bir şəhərdir. Yeni tikililər bu inkişafın bariz göstəricisidir”.


 


Sonda o, Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib: “Burada insanlar çox mehriban və qonaqpərvərdir. Azərbaycanda olmaqdan böyük məmnunluq duyuruq”.




Firuzə Əliyeva

Sfera.az