Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan və ilk baxışda cəlbedici görünən bəzi fikirlər real həyatın sınağından keçə bilmir. Son günlər trendə çevrilən "Qadın həyat yoldaşını daha çox çalışmağa sövq etmək üçün ondan pul tələb etməlidir, əks halda kişi kasıb qala bilər" yanaşması da məhz belə iddialardandandır. 




Bəs münasibətləri maliyyə təzyiqi üzərində qurmaq nə dərəcədə doğrudur?




Sfera.az mütəxəssislərin fikirlərinə əsasən bildirir ki, münasibətləri bir tərəfin digərinə pul tələbi ilə "motivasiya" verməsi üzərində qurmaq sevgini təbii məcrasından çıxararaq təzyiq alətinə çevirir.


 


Ekspertlərin fikrincə, bu növ yanaşmalar ailədə inkişafa deyil, əksinə, tərəflər arasında inciklik və narazılığın yaranmasına rəvac verir.


 


Ailə psixologiyası sahəsində aparılan araşdırmalar göstərib ki, uğurlu və uzunömürlü tərəfdaşlıq maliyyə təzyiqi ilə deyil, qarşılıqlı etimad, açıq ünsiyyət və ortaq hədəflər üzərində bərqərar olur. Qadının kişini daha çox işləməyə məcbur etmək üçün davamlı pul tələb etməsi fikri insanın daxili motivasiya mexanizmini bəsitləşdirməkdən başqa bir şey deyil. Çünki real işgüzar fəallıq və uğura gedən yol kənar təzyiqlərdən deyil, şəxsi ambisiyalardan, həyat qayəsindən və qarşılıqlı dəstəkdən qaynaqlanır.




Psixoloqların qənaətinə görə, ailədə maliyyə harmoniyasının təmini birbaşa şəffaflıq, komanda işi və birtərəfli deyil, qarşılıqlı hörmətdən asılıdır. Büdcəni açıq şəkildə müzakirə edən, gələcək planları birlikdə quran və bir-birinin fərdi hədəflərinə arxa duran cütlüklər hər zaman daha stabil və sarsılmaz ittifaq qurmağa nail olurlar.


 


Nəticə etibarilə, ailədə əsas məsələ kimin pul istəməsi və ya kimin xərcləməsi deyil, tərəflərin birgə addımlayaraq necə böyüməsi və inkişaf etməsidir.




Bəsti Rəfizadə

Sfera.az