Azərbaycanın son iki ildə növbəti dəfə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ölkənin artan beynəlxalq nüfuzunun, diplomatik uğurlarının və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələrin göstəricisidir.


 


Sfera.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov səsləndirib.


 


V.Hüseynov qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun gündəliyi olduqca genişdir və burada müzakirə olunan əsas istiqamətlərdən biri miqrasiya və şəhərlər mövzusudur. Onun sözlərinə görə, bu istiqamətdə keçirilən yüksək səviyyəli tədbir iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında baş tutan Beynəlxalq Miqrasiya İcmalı Forumunun davamı xarakteri daşıyır.


 


Dövlət Miqrasiya Xidmətinin rəisi vurğulayıb ki, miqrasiya prosesləri dünyada sürətlə artır və bu artıq qlobal çağırışlardan birinə çevrilib. O bildirib ki, son dünya miqrasiya hesabatına əsasən, beynəlxalq miqrantların sayı 304 milyona çatıb. Daxili miqrasiya göstəriciləri də nəzərə alınarsa, bu rəqəmin daha da yüksək olduğu qeyd edilib.


 


V.Hüseynov diqqətə çatdırıb ki, hazırda dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə yüksələcəyi proqnozlaşdırılır. Bu baxımdan şəhərsalma ilə miqrasiya siyasətinin bir-birini tamamlamasının vacibliyi vurğulanıb.


 


O qeyd edib ki, urbanizasiya fonunda insanların yeni yaşayış məntəqələrinə inteqrasiyası, sosial və dövlət xidmətlərinə çıxışı, bərabər imkanların təmin olunması, eləcə də həssas qrupların müdafiəsi xüsusi diqqət tələb edir. Məhz buna görə dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması əsas prioritetlərdən biri hesab olunur.


 


Çıxış zamanı Azərbaycanın “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri və müasir şəhərsalma yanaşmaları da xüsusi vurğulanıb.


 


Sonda Vüsal Hüseynov bildirib ki, miqrasiya və şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bu cür platformalar mühüm əhəmiyyət daşıyır və gələcəkdə bu istiqamətdə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.


 


Firuzə Əliyeva

Sfera.az