Bakıda keçirilən WUF13 - Ümumdünya Şəhərsalma Forumunun beşinci günü şəhərsalma və urban inkişafla bağlı müzakirələr davam edərkən, xarici iştirakçılar da paytaxt Bakı ilə bağlı təəssüratlarını bölüşüblər.
Sfera.az xəbər verir ki, Sudanın Xartum Universitetinin Şəhər və Ekoloji Dizayn kafedrasının dosenti İbrahim Bəhrəddin saytımıza açıqlamasında deyib ki, bu, iştirak etdiyi üçüncü urbanistik forumdur və Bakıdakı tədbir yüksək təşkilatçılığı ilə xüsusi seçilir.
“Bu, qatıldığım üçüncü urbanistik forumdur. Hazırkı forumun əsas fərqi təşkilatçılığın yüksək səviyyədə qurulmasıdır”,– o qeyd edib.
İbrahim Bəhrəddin Azərbaycan insanlarının qonaqpərvərliyinin onda xoş təəssürat yaratdığını vurğulayıb. Onun sözlərinə görə, Bakıda olduğu müddətdə insanlar onu səmimiyyətlə qarşılayıb və şəhərdə özünü rahat hiss edib. Sudanlı ekspert paytaxtdakı memarlıq müxtəlifliyinin də diqqətini çəkdiyini bildirib.
“Bura ilk səfərimdir. Binaların və tikililərin müxtəlifliyi məni heyran etdi. Amma mənim üçün şəhərin əsas keyfiyyəti tikililərdən çox, orada yaşayan insanların həyat səviyyəsi və şəhər həyatının dinamikliyidir”,– o bildirib.
İ.Bəhrəddin qeyd edib ki, Bakının həm mərkəzi hissəsində, həm də digər ərazilərində aktiv şəhər həyatı diqqət çəkir. Qonaq vurğulayıb ki, o, şəhər məkanlarını insanların həmin mühitlə necə qarşılıqlı əlaqə qurmasına və oradakı aktivliyə görə qiymətləndirir:
“Bakıda bu proses yüksək səviyyədə qurulub. İnsanların şəhər məkanı ilə əlaqəsi, aktivlik və həyat ritmi məni həqiqətən təsirləndirdi. Mən mütləq yenidən bu şəhərə qayıdacağam”.
Firuzə Əliyeva
Sfera.az