WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunan tədbirdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzil tikintisi sahəsində əsas fəaliyyət istiqamətlərini təqdim edib.
Agentliyin aparat rəhbəri Cəmşid Əmirov bildirib ki, Azərbaycanda vətəndaşların mənzil təminatının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir və bu məqsədlə MİDA yaradılıb.
Sfera.az bildirir ki, onun sözlərinə görə, indiyədək 19 layihə icra olunub, onlardan 11-i üzrə 14 mindən çox əlverişli mənzil istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərdə də 3 layihə tamamlanıb. Yeni layihələr üçün torpaq seçimi zamanı iş yerlərinə yaxınlıq, ekoloji təmizlik və şəhərsalma prinsipləri əsas meyar kimi götürülür, daha sonra layihələndirmə və tikinti standartlarına uyğun icra həyata keçirilir.
C.Əmirov qeyd edib ki, agentliyin təqdim etdiyi mənzillər bazar qiymətindən təxminən 25 faiz daha ucuzdur və 10 faiz ilkin ödənişlə uzunmüddətli ipoteka imkanı mövcuddur. Mənzillər tam təmirli, mətbəx mebeli və istilik sistemi ilə birlikdə təqdim olunur. Komplekslərdə isə məktəb, bağça, yaşıllıq zonaları, uşaq meydançaları və digər sosial infrastruktur da nəzərə alınır.
O əlavə edib ki, “Güzəştli mənzil” elektron sistemi vasitəsilə müraciətlər tam şəffaf və real vaxt rejimində qəbul olunur, məlumatlar isə dövlət qurumlarının inteqrasiya olunmuş sistemləri ilə yoxlanılır. Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı da bu sahədə mühüm rol oynayır və məqsəd yalnız mənzil tikintisi deyil, daha dayanıqlı və əlaqəli yaşayış mühitinin formalaşdırılmasıdır.
Firuzə Əliyeva
Sfera.az