Azərbaycanda yol infrastrukturu üzrə 26 iri layihə icra olunur.


 


Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nümayəndəsi Fariz Əzizov WUF13 çərçivəsində keçirilən “Bakı Baş Planı – 2040: şəhər inkişafında yeni era” adlı panel sessiyada çıxış edib.


 


O bildirib ki, Bakı sürətlə böyüyən və əhalisi artan böyük metropol kimi nəqliyyat sahəsində yeni çağırışlarla üz-üzədir. Urbanizasiya, iqtisadi inkişaf və mobilliyin artması şəhər yol infrastrukturuna düşən yükü xeyli artırır.


 


Fariz Əzizov qeyd edib ki, bu səbəbdən AAYDA-nın yanaşması artıq ənənəvi yol tikintisi çərçivəsindən kənara çıxır. Onun sözlərinə görə, məqsəd alternativ nəqliyyat dəhlizlərinin yaradılması, axınların yenidən bölüşdürülməsi, mövcud magistral yollardakı yükün azaldılması və daha təhlükəsiz, dayanıqlı mobillik sisteminin qurulmasıdır.


 


"Dövlət Proqramı çərçivəsində hazırda 26 iri yol infrastrukturu layihəsi icra olunur və bunlardan bir neçəsi artıq tikinti mərhələsindədir. Ən mühüm layihələrdən biri M4 Bakı–Şamaxı avtomagistralına çıxışı təmin edəcək yeni yol koridorudur. Layihə Bakı–Quba (M1) və Bakı–Şamaxı (M4) magistrallarını birləşdirərək tranzit nəqliyyatın şəhər mərkəzinə daxil olmadan hərəkətinə imkan yaradacaq. 29 kilometrlik koridor 6 zolaqdan ibarət olacaq, burada körpülər, tunellər, yol qovşaqları və piyada keçidləri də inşa edilir.


 


Bu layihə həm tıxacların azalmasına, həm də ekoloji yükün aşağı düşməsinə xidmət edəcək. Digər vacib layihə isə Akademik Həsən Əliyev küçəsi ilə “Koroğlu” metro stansiyası arasında yeni yol bağlantısıdır. Hazırda təxminən 50 faiz tamamlanma mərhələsində olan layihə şəhərin ən sıx nəqliyyat zolaqlarından birində icra edilir. Buraya 4 tunel, yeraltı piyada keçidləri və alternativ hərəkət imkanları daxildir. Bu, Heydər Əliyev və Ziya Bünyadov prospektlərindəki nəqliyyat yükünü azaldacaq".


 


Rəsmi həmçinin vurğulayıb ki, müasir şəhər planlaşdırılması yalnız avtomobillər üçün deyil, eyni zamanda piyadalar üçün də düşünülməlidir. Bu yanaşma çərçivəsində piyada keçidləri və yeraltı bağlantılarla insan yönümlü şəhər mühiti formalaşdırılır.


 


Sonda o əlavə edib ki, Əhəd Rəcəbli ilə Topçubaşov küçəsini birləşdirəcək yeni yol da şəhər daxilində alternativ marşrutların yaradılması və nəqliyyat axınının balanslaşdırılması baxımından mühüm rol oynayacaq. Fariz Əzizov qeyd edib ki, bütün bu layihələr ayrı-ayrılıqda vacib olsa da, əsas məqsəd inteqrasiya olunmuş, dayanıqlı şəhər mobillik sisteminin qurulmasıdır.


 


Firuzə Əliyeva


Sfera.az