Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri Azərbaycanın şəhərsalma siyasətində yeni mərhələ hesab olunur.


 


Sfera.az xəbər verir ki, bunu Bakı Baş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Formunun beşinci günündə "Bakının Baş Planı — 2040: WUF13-də şəhər bərpasının yeni erası" sessiyasında çıxışı zamanı deyib.


 


O bildirib ki, Azərbaycanın urban inkişaf təcrübəsinin ən mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesidir. “Böyük Qayıdış proqramı dayanıqlılıq, innovasiya, rəqəmsal idarəetmə və ekoloji məsuliyyət prinsipləri əsasında tamamilə yeni şəhər və kəndlərin qurulmasına imkan yaradır”, – deyə o qeyd edib.


 


Read Qasımov vurğulayıb ki, azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri müasir urbanizmin təkcə fiziki bərpaya deyil, sosial dirçəlişə, iqtisadi canlanmaya və regional dayanıqlılığa necə xidmət etdiyini göstərir.


 


“Bu layihələr dayanıqlı şəhərsalmanın gələcəyi üçün canlı laboratoriya rolunu oynayır”, – deyə o əlavə edib. Qasımovun sözlərinə görə, həyata keçirilən bu təşəbbüslər qlobal iqlim hədəfləri və BMT çərçivəsində aparılan beynəlxalq müzakirələrlə də uzlaşır.


 


Firuzə Əliyeva


Sfera.az